Siyasət Əsgərov komandasının Türkiyə çempionu olmasından danışdı
Qadın futbolçuların Türkiyə çempionatının qalibi “ABB Fomget” klubunun idman direktoru, Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun Sportline.az saytına müsahibəsi...
- Siyasət müəllim, hazırda fəaliyyətiniz nədən ibarətdir?
- “ABB Fomget” klubunun idman direktoruyam. Akademiyada 200-ə yaxın qız var. Rəhbərliyin başlıca istəyi əsas komandanın yüksəlişidir. Qadın futbolçulardan ibarət milli komandanın baş məşqçisiyəm İki iş mənə problem yaratmır. Milli düşərgələr UEFA-nın verdiyi bəlli pəncələrdə olur. Buna görə işimi rahat görə bilirəm.
- “ABB Fomget” Türkiyə çempionu oldu. Çempionluğun sirrini nədə görürsünüz?
- Keyfiyyətli futbolçulardan ibarət komandamız var. Liqada yeganə komandayıq ki, ötən ildən sonra heç bir futbolçu getmədi. Əvəzində gələnlər oldu. Keyfiyyətli məşqçi heyəti var. Sistemli şəkildə fəaliyyət göstərdik. Çempionluğa gəlincə, komandanın məqsədi bu idi. Allah bizə bunu qismət elədi. Finala qədər də bütün oyunlarda maksimum istəyini qoydu ortaya. Məğlub da olduq, amma qalib gəldiyimiz və baxımlı oynadığımız matçlar çox idi.
- Ayşən Əhmədova nə vaxtdan “ABB Fomget” komandasındadır? Onun çıxışını necə qiymətləndirirsiniz?
- Ayşən Əhmədova mövsümün əvvəlindən burdadır. Mən “ABB Fomget”ə gələndən sonra gəldi komandaya. Həm klubda, həm də Azərbaycan millisində çıxış edir. Son vaxtlar zədə səbəbilə bəzi görüşlərə çıxa bilmədi. Amma çempionluqda çox böyük payı var.
- Türkiyə Superliqasında çıxış edəcək səviyyədə hansı qadın futbolçularımız var?
- Bizim millimizin heyətində Türkiyədə oynayan xeyli futbolçu var. “Fənərbağça”, “Qalatasaray”, “ABB Fomget”, “Trabzonspor”, “Fatih Vatan” klublarında oynayan futbolçularımız var. Bizim əməkdaşlıq etdiyimiz klublar var ki, Azərbaycan millinin üzvləri orada oynayır.