Stolüstü tennisçilərin Qax toplanışına start verilib

Yeniyetmə və gənc stolüstü tennisçilərimizi qarşıda nüfuzlu beynəlxalq yarışlar gözləyir.

Sportline.az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, seçmə komandalar mayın 15-dən 23-dək Almaniya və Polşada təşkil olunacaq "Protur" yarışlarına qatılacaq. Ardınca idmançılarımızı daha ciddi sınaq gözləyir. Söhbət iyulun 6-dan 15-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək Avropa birinciliyindən gedir. Yeniyetmə və gənc stolüstü tennisçilər artıq sözügedən yarışlara hazırlığa start veriblər. Ölkə birinciliyinin yekunlarına əsasən formalaşan seçmə komandamız bu məqsədlə Qax rayonuna yollanıb. 24 aprel - 4 may tarixlərində Qax Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışında 6 qız, 7 oğlan tennisçi iştirak edir. Komanda may ayının 4-dək məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında gündə iki dəfə olmaqla həm, fiziki, həm də, taktiki-texniki hazırlığı davam etdirəcək.