Sumqayıtda yeni baza açıldı

Bu gün Azərbaycan Cüdo Federasiyasının (ACF) Sumqayıt Təlim-Məşq Bazasının açılış mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, ACF-nin prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, "Azərikimya" İB-nin sədri İmran Arzumanzadə, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Qonaqlar tibb otağı, trenajor zalı, soyunub-geyinmə otaqları ilə tanışlıqdan sonra məşq zalına daxil olublar. Burada yeniyetmə cüdoçular məşq elementləri nümayiş etdiriblər.

Veteran cüdocu, paralimpiya üzrə Azərbaycan millisin sabiq baş məşqçisi Əhməddin Rəcəbli qonaqları salamlayaraq, M.Vizerlə şəxsi tanışlığının 1988-ci ilə təsadüf etdiyini xatırladıb. O, müasir tələblərə cavab verən bazanın istifadəyə verilməsinə görə ACF, "Azərikimya" və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

M.Vizer çıxışında hazırda Bakıda davam edən dünya çempionatını yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycana təbrik və təşəkkürünü çatdırıb. O, zalda gördüklərindən razılığını dilə gətirib: "Cüdo olimpiya idman növü olmaqdan başqa insanda xarakter, cəmiyyətə inteqrasiya tərənnüm edir. Yarışda çempion olmaq önəmlidir. Amma daha önəmlisi həyatda çempion olmaqdır. Bunun üçün cüdoda lazımi elementlər var. Bu mərkəz məndə çox yaxşı təəssürat oyatdı. Belə zal bəxş etdikərinə görə ACF və şəhər rəhbərliyinə təşəkkür edirəm. Cüdo ailəsi olaraq, sizin naliyyətlərinizlə qürur duyuram. Hamınıza idman karyeranızda və həyatda uğurlar arzulayıram".

Daha sonra rəsmi şəxslər cüdoçulara cüdoqilər hədiyyə ediblər.

Z.Fərəcəv M.Vizerə onun yağlı boya ilə çəkilmiş portretini və Sumqayıtın rəmzi sayılan göyərçin suvenirini hədiyyə edib. İcra başçısı Ə.Rəcəbliyə də xüsusi hədiyyə verib.