Superliqadakı qələbəni qazilərimizə həsr etdilər

Türkiyədə səfərdə olan qazilərimiz dünən Superliqanın “Alanyaspor” -“Qaziantepspor” matçını stadiondan canlı izləyiblər. 

Sportline.az xəbər verir ki, qazilərimiz oyundan öncə meydanda “Alanyaspor” Futbol Klubunun Prezident Hasan Çavuşoğlu ilə görüşüblər. Klubun prezidenti qazilərlə Qarabağ Zəfəri ilə bağlı səmimi fikirlərini bölüşüb və hər birinə qarşılanma hədiyyəsini şəxsən təqdim edib. 

Oyun başlayanda futbolçular meydana üzərində Azərbaycan-Türkiyə dostluğuna həsr edilən “Birlikdəyik, güclüyük!” yazısı əks olunan xüsusi formada çıxıblar. 

“Alanyaspor” bu oyunda 3:0 hesablı qələbə qazanıb. Qələbə Azərbaycanın qəhrəman qazilərinə həsr olunub. 

Qeyd edək ki, “Çiyin-çiyinə bir yumruq kimi” layihəsi "YAŞAT" Fondunun və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi, Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) və “Alanyaspor” futbol klubunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.