Tahir Gözəl: "Çexiyaya qələbə üçün gedəcəyik"
"Qarabağ"ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə (Plzen, Çexiya) Bakıda keçirdikləri ilk matçdan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportline.az xəbər verir ki, o, əvvəlcə oyun haqqında fikirlərini bölüşüb:
- Çox gözəl, baxımlı oyun oldu. "Qarabağ" gözəl oynadı, dominant idi. Statistikaya baxsaq, topla oynama 66/34 bizim xeyrimizə idi. İstədiyimiz nəticə olmadı. Azarkeşlərdən möhtəşəm dəstək var idi. Hələ ümid var. Çalışacağıq ki, o ümidi Plzendə doğruldaq. Son vaxtlar "Qarabağ"da ənənə olub ki, məsələni qarşı tərəfdə həll edirik. İnanıram ki, bu, davam edəcək. Bugünkü matçda komandalar bir-birini yaxşı tanıdılar. Səfərdəki matç çox önəmli olacaq. Azarkeşlərə təşəkkür edirəm. Möhtəşəm ab-hava var idi. İnşallah səfərdən zəfərlə qayıdacağıq.
- 6 il əvvəl "Qarabağ" "Viktoriya" ilə oyunda şənslardan istifadə edə bilmədi və mübarizəni dayandırdı. Bu gün də qol epizodları çox idi. Həmin matçı xatırladınız?
- Əlbəttə ki, həmin oyun yadıma düşdü. 6 il əvvəl bərabərlik qeydə alınmışdı. Həmin zamankı qanunlara görə onlar səfər qoluna görə mərhələni keçmişdilər. Bu, bizim ürəyimizdə acılı xatirə kimi qalmışdı. Həqiqətən də bu gün çox gözəl epizodlarımız oldu. Məncə bu gün "Viktoriya"nın ən yaxşısı qapıçıları idi. Gözəl qurtarışlar etdi, onu təbrik edirəm. Alınmadı, futbol belədir.
- Cavab oyununda şansları neçə dəyərləndirirsiniz?
- 6 il əvvəlki "Qarabağ"la bugünkü "Qarabağ" arasında çox böyük fərq var. Onlar da bunu hiss edirlər. Biz səfərə ancaq qələbə üçün gedəcəyik. Amma qarşımızdakı klublar böyük klublardır. "Viktoriya"nın bir özəlliyi var, komanda şəklində oynayırlar. Hündürboyludurlar, atletikdirlər və mərkəzi çox gözəl bağlayırlar. "Viktoriya" Avropanın orta səviyyəli klublarındandır. Onlara hörmətlə yanaşırıq, amma Çexiyaya qələbə qazanmaq üçün gedirik.
- Matçdan sonra paltardəyişmə otağına daxil oldunuz. Orada ab-hava necə idi?
- Əlbəttə ki, ab-hava qələbə qazananda olduğu kimi deyil. Amma özümüzdə böyük bir inam var. Hər kəsin, futbolçuların, Qurban Qurbanovun gözündə çox böyük bir inam görürük. Ümidimiz var ki, məsələni Çexiyada həll edəcəyik.
- Həm milli, həm də klub səviyyəsində çexləri məğlub edə bilmimişik. Bugünkü oyun səfər matçında qələbə qazanmaq üçün ümid verir?
- Mütləq. Mən belə hesab edirəm. Buradakı səviyyəmizi orada da göstərsək, qələbə qazana bilərik. Futbolda yaxşı olan tərəf mütləq qazanır. Bu gün alınmasa da, o biri oyunda olacaq. Bu, bizim xeyrimizədir. Hər dəqiqə, hər saniyə daha güclü olan, hücum edən tərəfə şans verir. Səfərdə asan olmayacaq. Amma biz oraya qələbə qazanmaq əzmi ilə gedirik, inşallah da qazanacağıq.
- Faizlə dəyərləndirsək, Çempionlar Liqasının qrupuna düşmək şansınız neçə faizdir?
- 80 faiz.