Tahir Süleymanov: "UEFA yanıldı və oyuna təcrübəsiz referi təyin etdi"

Ötən gün Konfrans Liqasının qrup mərhələsində "Qarabağ" "Omoniya"nı (Kipr) qonaq etdi. 2:2 hesabı ilə bitən matçın baş hakimi Morten Krox diqqətləri üzərinə cəlb etdi. Danimarkalı referinin bir çox qərarı müzakirələrə səbəb oldu. 

Sportline.az xəbər verir ki, Fanat.Az-a danışan sabiq FİFA referisi Tahir Süleymanov Morten Krox və briqadasının idarəçiliyini təhlil edib: 

"Qarabağ" - "Omoniya" matçının son dəqiqələrində buraxılan gözlənilməz, kuryoz qol, qələbənin, liderliyin əldən verilməsi, qarşılaşmaya, hakim idarəçiliyinə münasibəti emosional olaraq pik həddə çatdırdı. 3 xal qazanılsaydı, hakimliklə bağlı bu qədər müzakirələr aparılmayacaqdı. Epizodlara olan subyektiv yanaşmalar aqresiyanı daha da artırdı. 

Görüş qrup liderliyi adına çox vacib qarşılaşma idi. Qonaqlar bütün şanslarını itirərərək Bakıya gəlmişdilər. Qrupdakı vəziyyət, ilk matçının nəticəsi UEFA-nı da yanıltmışdı və oyuna təcrübəsiz referi təyin edilmişdi. Bu, "Qarabağ"ın gücünə, rahat qələbə qazana biləcəyinə əminlikdən irəli gəlirdi. Bir amil unudulmuşdu, kiprlilər Azərbaycan klublarına qarşı tarixən psixoloji olaraq düşmən kimi yanaşırlar. Qrupdakı vəziyyətdən asılı olmayaraq matçın prinsipial keçəcəyi öncədən bilinirdi. Belə görüşlər eksperiment məkanı deyil, daha təcrübəli hakimlərin təyin olunması şərtdir. 

İlk dəqiqələrdən oyunun gedişi də hakimlərə öz təsirini göstərdi, daha da arxayınlaşdılar. "Qarabağ" meydanda dominantlıq edərək böyük ərazi üstünlüyünə sahiblik edirdi. İlk 45 dəqiqədə referi müdafiə olunan tərəfə daha həssas yanaşırdı. Kənardan çox da görünməyən xırda follarla hücumda olan komandaya qarşı qərarlar verilirdi. Bu da müdafiədə oturan qonaqların işinə yarayırdı. "Qarabağ"lı futbolçular referinin "idarəçilik fəlsəfəsini" hiss etməli, daha diqqətli davranmalı idilər.

"Omoniya"nın hesabı açacağını nəinki azarkeşlər, heç hakimlər də gözləmirdilər. Yersiz top itkiləri ilə künc zərbəsi və Toral Bayramovun ehtiyatsız davranışı penaltiyə səbəb oldu. 

Fasilədən sonra matçın qızışacağı bəlli idi. Cavab qolu da vaxtında vuruldu. İkinci hissənin gedişi göstərdi ki, təcrübəsiz referi görüşün yükünü psixoloji olaraq çəkməyə hazır deyil və ilk yarıdakı idarəçilik "fəlsəfəsi" boşuna deyilmiş.

Belə matçlarda lider komandalarla daha diqqətlə davranılmalıdır. Şansı qalmayan rəqib yox, hakim səhvlərindən itirəcək lider komandalar olur. Belə də oldu, baş hakim öz niyyətini ikinci hissədə göstərmiş oldu. Matçda ən kritik qərar sayılmayan top deyil, Zubirə qarşı açıq-aşkar kobudluğa referinin susması idi. Toralın əllə oyununu dərhal görən və qətiyyətlə penalti nöqtəsini göstərən baş hakim, qeyd olunan epizodda özünü "görməməzliyə" vurdu. Açıq görünən epizodda rəqibin Zubirə qarşı "qayçı" badalaq fəndini görməmək mümkün deyildi. 

Ozobiçin qapıdan keçirdiyi top həddindən artıq müzakirələrə yol açdı. Qolun sayılmamasının baiskarı Vadjinin yersiz hərəkəti oldu. Qapı meydanında önə çıxan hücumçu sola hərəkəti ilə qapıçıdan yayına bilərdi. Bu azmış kimi, hücumçu qapıçının tək görüntü bucağına mane olmadı, əlləri ilə də önünü kəsdi və hərəkətini daha da qabarıq göstərmiş oldu. Vadjinin davranışı, niyyəti qapıçıya mane törətmək olmasa da, qayda qaydadır. Hücumçunun inersiya ilə hərəkəti qonaqlar və hakimlər briqadası üçün göydəndüşmə hədiyyə idi. 

Referinin Kikonun meydandan necə kənarlaşdırması, baş hakimin yerli komandaya antipatiyasının əlavə göstəricisidir. Rəqibin Kadiyə qarşı qəddarlığı birbaşa qırmızı əvəzinə ikinci sarı vərəqəyə endirildi. Baş hakimin məntiqi ilə, futbolçunun sarısı olmasaydı meydanda qalacaq və ya "məntiqin" davamı olaraq ümumiyyətlə şifahi xəbərdarlıqla kifayətlənəcəkdi. 

Referi matçı, əsasən də ikinci hissəni çox aşağı səviyyədə idarə etsə də, "Qarabağ" öz göstərdiyi oyunu, əzmkarlığı ilə qələbəni təmin edə bilərdi. Böyük ölçüdə, bu baş vermişdi də, əgər qapıçının  yersiz önə çıxması, arxayınlığı olmasaydı. Hakim səhvlərindən daha çox, son dəqiqələrdə qələbənin əldən verilməsi komandaya, azarkeşlərə təsir etdi. Bu matç nə qədər tez unudulsa, bir o qədər faydalı olar. "Qarabağ" qrupdan çıxmaqla Azərbaycan futbolu adına növbəti tarixi yazıb artıq. İsveçrədə qrup liderliyi təmin edilərsə, çox gözəl olar, olmasa da, yola davam ediləcək. Emosiyaları kənara qoyub, fiziki, psixoloji bərpa olunaraq növbəti oyunlara hazırlaşmaq, köklənmək mütləqdir".

Qeyd edək ki, H qrupunda mübarizə aparan "Qarabağ" V turdan sonra 11 xalla ikinci pillədə qərarlaşıb. Qrupun digər matçında İsveçrə “Bazel”i Qazaxıstanda “Kayrat" 3:2 hesablı qələbə gələrək liderliyi ələ keçirib.