Təlim-Məşq Mərkəzində hakimlər üçün praktiki seminar təşkil olunub

Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində hakimlər üçün növbəti praktiki seminar təşkil olunub.

Bu barədə Sportline.az-a ACF-nin mətbuat xidmətindən məlumat verilib.

Təlimdə U-14 və U-17 Liqa yarışlarının III turuna hakimlərin son hazırlıq səviyyəsi yoxlanılıb. Həmçinin seminarda bir çox görüşlərdə rast gəlinən "yalançı hücumlar" (false attack) barəsində ətraflı izah verilib, real nümunələr əsasında praktiki məşğələlər aparılıb.

ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə keçirilən seminar hakimlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, həmçinin qarşıdakı yarışlarda peşəkar çıxış üçün əlavə hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, seminarda hakimlərin əsas heyəti ilə yanaşı, ACF tərəfindən seçilərək təlimlərə cəlb olunmuş hakimliyə namizədlər də iştirak ediblər.