Timoşuk avtomobil qəzasına düşdü
Rusiyanın "Zenit" klubunun məşqçisi Anatoli Timoşuk klubun məşqinə gedərkən yol qəzasına düşüb.
Sportline.az "Sport.ua"ya istinadən xəbər verir ki, Ukrayna millisinin sabiq yarımmüdafiəçisinin iştirakı ilə baş verən qəza yüngül qiymətləndirilir.
Qəzada ciddi xəsarət alan olmayıb. Fors-major vəziyyətə görə Anatoli “Zenit”in məşqini buraxır.
Timoşuk 2017-ci ildən "Zenit"də köməkçi-məşqçi qismində fəaliyyət göstərir. O, futbolçu karyerası ərzində də Sankt-Peterburq klubunun şərəfini qoruyub.
Xatırladaq ki, daha öncə UAF (Ukrayna Futbol Assosiasiyası) Timoşukun Etika və Ədalətli Oyun Kodeksini pozduğunu açıqlayıb və mütəxəssisi cəzalandırıb.
UAF Lisenziyalaşdırma Mərkəzinin verdiyi Pro lisenziyası məşhur veteranın əlindən alınıb. Anatoli Ukrayna çempionatının, Ukrayna Kubokunun və Ukrayna Superkubokunun qalibi qismində qazandığı bütün titullardan da məhrum olub. onun adı milli komandanın oyunçularının rəsmi reyestrindən çıxarılıb. Timoşukun Ukrayna ərazisində futbol fəaliyyəti ilə məşğul olması ömürlük yasaqlanıb.
Bundan başqa, 43 yaşlı çalışdırıcının bütün dövlət mükafatlarından və fəxri adlarından məhrum edilməsi üçün dövlət orqanlarına müraciət olunacağı da bildirilib.