Tokio-2020: Azərbaycanın ilk medalını qazanmış paralimpiyaçı Vətənə qayıdıb
Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanın ilk medalını qazanmış pauerliftinqçi Pərvin Məmmədov Vətənə qayıdıb.
Sportline.az xəbər verir ki, bürünc mükafatçı üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi təşkil olunub.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilk medalın Azərbaycan paralimpiya komandası üçün düşərli olduğunu bildirib. O, Yaponiya paytaxtında mübarizəni davam etdirən bütün paralimpiyaçılara uğurlar arzulayıb: "Cənab Prezidentimizi, xalqımızı təbrik edirik. Qazanılan medalları şəhidlərimizə, qazilərimizə həsr etməyiniz qürurvericidir".
Öz növbəsində idmançı Prezident İlham Əliyevə, Milli Paralimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə təşəkkür edərək, medal qazanmasından böyük sevinc hissi keçirdiyini bildirib. O, Azərbaycan paralimpiyaçılarının uğurlarının hamını məmnun etdiyini vurğulayıb: "Çətinliyə, pandemiya dövründəki bir çox məhdudiyyətlərə baxmayaraq, şəxsi məşqçilərimizin də dəstəyi ilə yüksək səviyyədə təlim-məşq toplanışları keçmişdik. Əziyyətimiz öz nəticəsini və bəhrəsini verdi. Bu, mənim üçün ilk Paralimpiya Oyunları idi. Gələcəkdə də məşqlərimi davam etdirəcək və daha yüksək nəticələr üçün çalışacağam".
Qeyd edək ki, hazırda Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 8 qızıl, 2 bürünc medalla 7-ci pillədə qərarlaşıb.