Tokio 2020: Daha 6 idmançımız mübarizəyə qoşulur
Tokio 2020 Yay Paralimpiya Oyunları davam edir.
Sportline.az xəbər verir ki, Paralimpiadanın doqquzuncu yarış günündə 6 idmançımız mübarizə aparacaq.
Avqustun 31-də 10 metr məsafəyə atəşaçmada uğursuzluqla üzləşən Yelena Taranova 25 metr məsafəyə atəşaçmada məqsədinə çatmağa çalışacaq.
Taekvondo yarışlarının ilk günündə iki təmsilçimiz qüvvəsini sınayacaq. Qadınların yarışında Röyalə Fətəliyeva, kişilərin mübarizəsində İmaməddin Xəlilov dayanq üzərinə çıxacaq.
Atletikada isə üç idmançımız uğur qazanmağa çalışacaq.. Nizəatmada Orxan Qasımov Tokio 2020-də debüt edəcəksə, avqustun 31-də 100 metr məsafəyə qaçışda gümüş medal qazanan Lamiyə Vəliyeva və dördüncü olan Yuliya Yanovskaya bu dəfə 400 metr məsafəyə qaçış üzrə start xəttində yer alacaq.
Qeyd edək ki, Azərbaycan komandasının hesabında hazırda 11 qızıl, 1 gümüş və 4 bürünc medal var. Millimiz medal sıralamasında 10-cu pillədə qərarlaşıb. Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.
2 sentyabr
03:45. Güllə atıcılığı. 25 metr məsafəyə atəşaçma. Təsnifat. Yelena Taranova
06:30. Taekvondo. Qadınlar, 49 kiloqram çəki dərəcəsi. 1/8 final. Röyalə Fətəliyeva - Xvansuda Puanqkiça (Tailand)
06:45. Taekvondo. Kişilər, 61 kiloqram çəki dərəcəsi. 1/8 final. İmaməddin Xəlilov - Danil Sidorov (Rusiya)
15:26. Atletika, nizəatma. F13 kateqoriyası. Final. Orxan Qasımov
16:29. Atletika, 400 metr məsafəyə qaçış. T13 kateqoriyası. Təsnifat. Yuliya Yanovskaya
16:37. Atletika, 400 metr məsafəyə qaçış. T13 kateqoriyası. Təsnifat. Lamiyə Vəliyeva