Tokio 2020: Komandamız ilk onluqda
Tokio 2020 Yay Paralimpiya Oyunlarının səkkizinci yarış günü də geridə qalıb.
Sportline.az xəbər verir ki, Azərbaycan komandası günü bir "qızıl"la başa vurub.
Hesabında 11 qızıl, 1 gümüş, 4 bürünc medal olan millimiz onuncu sıradakı mövqeyini qoruyub.
Paralimpiya komandamızın sıralamada ən yaxın izləyicisi yenə İspaniyadır. Günü baş mükafatsız tamamlayan pireneylilərin aktivində 9 qızıl, 13 gümüş və 8 bürünc medal var.
Çin yığması birinci (68 "qızıl", 43 "gümüş", 36 "bürünc"), Rusiya Paralimpiya Komitəsi (RPK) ikinci (32 "qızıl", 20 "gümüş", 37 "bürünc" ), Böyük Britaniya üçüncü (30 "qızıl, 24 "gümüş", 32 "bürünc"), ABŞ dördüncü (25 "qızıl", 27 "gümüş", 20 "bürünc"), Niderland beşincidir (19 "qızıl", 10 "gümüş", 10 "bürünc").
Geridə qalan müddətdə 82 ölkə medal qazana bilib. Onlardan 55-nin "boğça"sında baş mükafat var.
Qeyd edək ki, komandamıza qızıl medalları Şəhanə Hacıyeva, Sevda Vəliyeva, Xanım Hüseynova, Dürsədəf Kərimova, Vüqar Şirinli, Hüseyn Rəhimli (hamısı cüdo), Həmid Heydəri, Elvin Astanov (hər ikisi atletika), Vəli İsrafilov və Raman Saley (hər ikisi üzgüçülük) qazandırıb. Sonuncu iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeganə "gümüş" Lamiyə Vəliyevanın (atletika), bürünc mükafatlar isə Pərvin Məmmədov (pauerliftinq), Namiq Abbaslı, İlham Zəkiyev (hər ikisi cüdo) və Səid Nəcəfzadənin (atletika) sayəsində əldə olunub.
Paralimpiadaya sentyabrın 5 də yekun vurulacaq.