Türkiyə ÇL-in qrup mərhələsindəki yerini itirə bilər

Türkiyə Superliqasında 2020/21 mövsümünün çempionu növbəti il Çempionlar Liqasında (ÇL) birbaşa qrup mərhələsindən yarışa qoşulmaq imkanından məhrum ola bilər.

Sportline.az xəbər verir ki, buna səbəb Türkiyə klublarının avrokuboklarda topladığı xal sayının az olmasıdır.

Çempionlar Liqasında qrup sonuncusu olan "Başakşəhər”dən sonra “Sivasspor”un da Avropa Liqasında 1/16 finala yüksələ bilməməsi Türkiyənin UEFA reytinqində mövsümü 11-ci pillədə başa vurmasına səbəb olub.

UEFA-nın qaydalarına görə, reytinqdə ilk onluqda qərarlaşan ölkələrin çempionu birbaşa ÇL-in qrupundan mübarizəyə qoşulur. Ancaq bu mövsüm Çempionlar Liqasının qalibi öz liqasında qitənin bir nömrəli klub turnirinə vəsiqə əldə etsə, Türkiyə çempionu qrup mərhələsinda iştirak hüququ qazanacaq.