Ueyn Runi Lionel Messi və Kriştianu Ronaldu arasında seçim etdi

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi argentinalı super ulduz Lionel Messini futbol tarixinin ən yaxşı oyunçusu adlandırıb.

Sportline.az xəbər verir ki, Runi GOAL-a verdiyi müsahibədə bu fikirləri səsləndirib:

"Məncə, Messi tarixin ən yaxşı futbolçusudur. Başa düşürəm, bəziləri Messi, bəziləri Ronaldu deyə bilər - ikisi də inanılmazdır. Bunlar yəqin ki, indiyə qədər oynamış ən yaxşı iki futbolçudur. Amma düşünürəm ki, Messi bir az daha istedadlıdır, bu da oyunçularda xoşuma gəlir. Səbəb də budur", - deyə keçmiş futbolçu bildirib.

Messi 2023-cü ilin iyulundan "İnter Mayami"də çıxış edir. Futbolçunun hazırkı komandası ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt portalına görə onun təxmini transfer dəyəri 30 milyon avrodur.

Qeyd edək ki, Ueyn Runi ötən günlərdə Çempionşip komandalarından "Plimut"un baş məşqçisi təyin olunub.