"Valensiya" irqçiliyə görə cəzalandırıldı
İspaniya Futbol Federasiyası "Valensiya" klubunu cəzalandırıb.
Sportline.az xəbər verir ki, buna ötən bazar günü keçirilən matçda yerli azarkeşlərin "Real”ın (Madrid) hücumçusu Vinisius Juniora qarşı irqçi təhqirləri səbəb olub.
Yerli mətbuatın yazdığına görə, klub 45 min avro cərimələnib. Həmçinin, Vinisiusun ünvanına irqçi təhqirlərin səsləndiyi “Mario Kempes” stadionunun cənub tribunası 5 matçlıq bağlanıb.
Bu səbəbdən “Valensiya”nın azarkeşlərinin bu həftəsonu “Espanyol”la matçda, eləcə də növbəti mövsümün ilk ev oyunlarında həmin tribunaya daxil olmasına icazə verilməyəcək.
İspaniyada bu mövsüm ilk dəfədir ki, stadion qismən bağlanır.