“Viktoriya”nın futbolçusu: “Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm

Çexiyanın “Viktoriya” klubunun futbolçusu Vaclav Jemelka Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri matç barədə danışıb.

Sportline.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

“Plzenə Çempionlar Liqasında oynamaq üçün gəlmişəm. Xoşbəxtəm ki, bu istəyimə nail olacağam. Pley-offda “Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm. Mən Çempionlar Liqasında mübarizəyə hazıram. Görək, necə olacaq. Amma bir daha təkrar edirəm, qarşıdakı oyunu çox gözləyirəm”.

“Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.