"Viktoriya"nın sahibi: "Əvvəl ölü idim, sonra yarı ölü oldum, indi diriyəm"

"Emosional olaraq özümdə deyiləm. Əvvəl ölü idim, sonra yarı ölü oldum, indi isə diriyəm. Futbolçulara bunu dərk etdiklərinə görə minnətdaram".

Sportline.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə "Qarabağ"a Plzen şəhərində 2:1 hesabı ilə qalib gələn Çexiyanın "Viktoriya" klubunun sahibi Adolf Şadek deyib.

O, "Premier Sport 2" telekanala müsahibəsində oyun günü Sofiya adlı övladının dünyaya gəldiyini bildirib: “Deməliyəm ki, heç vaxt bitməyəcək bir günüm oldu. Dördüncü dəfə Çempionlar Liqasına yüksəldik. Bu, futbolçularımız üçün çox şey deməkdir. Üstəlik, qızım günorta saat 4-ün yarısında doğuldu. Ona rəmzi olaraq, Viktoriya adını qoymağım uyğunsuz olardı”.

Şadek oyuna ofisdə baxdığını bildirib: "Ofisdə tək idim, oyuna baxanda 7-8 dəfə tullanmışam. Uşaqlara inanırdım, amma rəqibin səviyyəsi ikinci qolu vurmağımıza imkan vermirdi. Bu halla daxilən mübarizə aparırdım. Səhərdən məndə çətin gün idi. Uşaqların sayəsində son 20 dəqiqədə rəqibə nəfəs almağa imkan vermədik".

"Viktoriya"nın sahibinin sözlərinə görə, maddi durumu yaxşı olmayan klub Çempionlar Liqasının qrupuna düşməklə, bu vəziyyətdən çıxa bilər: “Biz klub olaraq digərlərindən bir qədər fərqli fəaliyyət göstəririk. Söhbət puldan yox, üçüncü əlavə dəyərdən gedir. Mən situasiya ilə mübarizə aparıram. İnanırıq ki, biz yenə Praqadan olan rəqiblərimizi ("Slaviya" və "Sparta"nı nəzərdə tutur – S.M.) su altında qoyacağıq".

Qeyd edək ki, "Viktoriya" Bakıda qolsuz heç-heçə etdiyi "Qarabağ"ı cavab görüşündəki əzmkar qələbə sayəsində üstələyərək, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Azərbaycan klubu isə mübarizəni Avropa Liqasında davam etdirəcək.