Vüqar Talıbov: "Olimpiya oyunlarının qalibi olmaq istəyirəm"

“Dünya çempionatı şəxsən mənimçün çox gərgin keçdi. Lakin şükür ki, Vətənə medalla qayıtdım”.

Sportline.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyində 73 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan təmsilçisi Vüqar Talıbov səsləndirib. 

Onun sözlərinə görə, dünya çempionatında daha çox çəki azaltmağı qızıl medal şansını əldən verməsinə səbəb olub: “Bildiyiniz kimi, olimpiyada da 66 kq-da mübarizə aparmışdım. Çəkimi vaxtında dəyişib 81 kq-a çatdırmalı idim. Lakin bəzi səbəblərə görə, 73-də saxladım. Halsızlıq və fiziki cəhətdən güc çatdıra bilməməyim braziliyalı rəqibimə məğlub olmağıma səbəb oldu. Halbuki onu məğlub edə bilərdim”.

Azərbaycanın olimpiya çempionu gələcək planlarından da danışıb: “Açığı, təəssüf edirəm ki, bu dünya çempionatında qızıl medal qazana bilmədim. Lakin bürünc medalla kifayətlənməli oldum. İnşallah, 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarının qalibi olmaq istəyirəm. Bunun üçün də ciddi hazırlaşacam ki, məqsədimə çatım”.