Yakub Jezniçak: "Bir dəfə də olsun, bunu etməmişəm"
“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçakın Polşa mətbuatına müsahibəsi:
- Çempionlar Liqasının qrupunda ilk 4 turdan sonra “Qarabağ”ın aktivində 2 xal var. Özü də hər iki xalı 2014 və 2016-cı illərdə turnirdə final oynamış “Atletiko”dan almısız...
- Hər iki xal bizim üçün möcüzəyə bərabərdi. “Legiya”da olduğu kimi, “Qarabağ”da da qrup mərhələsinə 0:6 hesablı məğlubiyyətlə başladım. Razılaşın ki, çox güclü rəqiblərlə eyni qrupa düşmüşük. Bu mənada, qazanılan hər xal bizim üçün olduqca dəyərlidi.
- Hansı rəqibdən daha çox ehtiyatlanırdız?
- Rəqiblərimizi biləndə onlarla heç-heçə etməyin də çətin olacağını düşündüm. Əslində, bunu möcüzə adlandırmamaq da olar. Çünki oynadığımız top klubların tarixini bilmir. Bununla belə, “Atletiko”nun gücünü lazımınca dəyərləndirirdik. Açığı, klublar arasında müqayisə aparmadım. Çünki hər üçü Avropanın ən güclüləridi. Bu mənada, “Atletiko” ilə heç-heçə kiçik sürprizdi. Sona qədər mübarizə apardıq. Madriddə çox qaçdıq, uzun müddət topsuz qalmalı olduq. Qrupda iki görüşümüz qalıb, onlarda da sona qədər “vuruşacağıq”. Aramızda zarafatlaşırıq ki, qrupda üçüncü yeri tutmaq da mümkündü. Amma bunun üçün “Roma” və “Çelsi” ilə oyunlarda da yaxşı nəticə qazanmaq lazımdı.
- “Atletiko” ilə hansı matç sizin üçün daha çətin keçdi?
- Madriddəki görüş. Bakıdakı heç-heçə tarixi nəticə idi. Ümumiyyətlə, ilk dəfədi ki, Azərbaycan klubu Çempionlar Liqasının qrupunda oynayır. Buna görə də, “Atletiko” ilə ilk heç-heçə də əla qarşılandı. Madriddəki görüşün ikinci hissəsində ev sahibləri daha çox hücum etdilər. Xüsusən, Pedronun qırmızı vərəqə almasından sonra hücumlarını artırdılar. Buna baxmayaraq, sona qədər dözdük. Qapıçımız Şehiç son dəqiqədə də rəqibin qol şansını əngəllədi. Halbuki, “Çelsi” ilə matçdan sonra onu tənqid edirdilər.
- “Atletiko” ilə budəfəki görüşdən öncə foto payşalaraq, bu fikirlə yazmışdız: “Yenə Madrid. Bir il əvvəl rəqibimiz “Real” idi, indi isə “Atletiko”. Həyat 30 yaşdan sonra başlayır”.
- Son 2 ildə Çempionlar Liqasının qrupunda oynayıram. Bu, “Legiya” və “Qarabağ” klubları üçün arzu və tarixi nəticə idi. Sona qədər cəsurcasına döyüşürük. Komanda yoldaşlarıma kömək edirəm.
- Meydanda özünüzü necə hiss edirsiz?
- Hər bir oyunçu dünyanın ən yaxşı futbolçularına qarşı oynamağı arzulayır. Mən milli üzvü deyiləm. Bu mənada, mənim üçün yeganə belə şans Çempionlar Liqasıdı. Ronaldo, Beyl, Dzeko, Qrizmann və Azarın oyunlarına əvvəl yalnız televizorda baxmışdım. Sonra isə onlarla meydanda qarşılaşmaq imkanı qazandım. “Real” və “Atletiko” kimi komandalarla oyunda üzərində təzyiq hiss etmirsən. Düzdü, məsuliyyət çoxdu, amma Çempionlar Liqasının matçları çempionat görüşlərindən daha rahatdı. Çünki qorxu hissi keçirmirsən, əksinə oyundan həzz alırsan. Ən yaxşı futbolçulara qarşı oynamaq məni qürurlandırır.
- Matçlardan sonra formanızı rəqib futbolçu ilə dəyişirsizmi?
- Bir dəfə də olsun, bunu etməmişəm. Çünki öz formalarımı yığıram, daha sonra onları xeyriyyə hərraclarına çıxarıram. Karyeramı bitirdikdən sonra muzey açmaq haqda düşünmürəm.
- Çempionlar Liqasındakı səfər oyunlarını keçirmək üçün uzun yol qət etməli olursuz...
- Elədi. Madridə çatmaq üçün təxminən 7 saat havada olduq. Oyundan dərhal sonra isə Bakıya qayıtdıq. Amma təyyarədəki şərtlər yaxşıdı, hət futbolçu üçün 4 nəfərlik yer ayrılıb, yatmaq mümkündü. Qayıtmaq daha yorucudu. Amma uğurlu nəticədən sonra buna o qədər də fikir vermirsən.