Yan Kopits: "Qarabağ"ın oyun üslubu dəyişməyib"
"6 il öncə burada keçirdiyimiz oyun çox yaxşı yadımdadır. Stadion əla vəziyyətə idi. Biz həmin vaxt qələbə qazanmışdıq".
Sportline.az xəbər verir ki, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Yan Kopits Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
32 yaşlı yarımmüdafiəçi yüngül zədədən əziyyət çəkdiyini bildirib: "Amma bunun mənə hər hansı çətinlik yaradacağını düşünmürəm".
Təcrübəli oyunçu "Qarabağ"ın güclü komanda olduğunu söyləyib: "Rəqibin oyun üslubu dəyişməyib. Hücum futbolu sərgiləyir. Sabah müdafiə futbolu oynayıb, əlimizə düşən şanslardan istifadə etmək istəyirik".
O, "Qarabağ"ın böyük azarkeş kütləsinə malik olduğunu vurğulayıb: "Bilirik ki, üzərimizdə basqı olacaq. Lakin biz qalib gəlib, mərhələ adlamaq istəyirik. O vaxt şans nəticəsində qələbə qazanmışdıq. Sabah isə şansa bel bağlamaq niyyətində deyilik. Öz oyunumuzla uğur qazanmaq fikrindəyik".
Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.