Yusif Avropa çempionu oldu
Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
125 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz rusiyalı Soslan Qabuyevə 4:3 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
Camal Abbasov (61 kq) finalda rusiyalı Usman İndirbayevə (2:13), Nurlan Ağazadə (74 kq) isə həlledici görüşdə almaniyalı Manuel Vaqinə (2:4) məğlub olaraq gümüş medal əldə edib.
Məhəmməd Abbaszadə (86 kq) israilli Tomer Drojnyaka 7:1 hesabıyla qalib gələrək üçüncü yeri tutub. Hüseyn Məmmədtağızadə (92 kq) bürünc medal görüşündə gürcüstanlı Sandro Kuraşviliyə uduzub – 1:12.