“Zəfər” kuboku uğrunda mübarizə başa çatıb

Zəfər bayramı ərəfəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası vətənpərvərlik ruhunda təşkil olunan yarışlar silsiləsi çərçivəsində 6 noyabr 2021-ci il tarixdə “Binə Atçılıq Mərkəzi”-nin açıq manejində “Zəfər” kuboku uğrunda konkur yarışları keçirib.

Sportline.az xəbər verir ki, “E” və “M**” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.

İlk yarış saat 10:00-dan etibarən başlayıb. “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 14 idmançının iştirak etdiyi mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”-nin idmançısı, Rəna Axundova “Tibet” ləqəbli atla 1-ci, “Buta Qolden Atçılıq Klubu”-nun idmançısı Eqor Morotski “Lourness” ləqəbli atla 2-ci yerin sahibi olub. 3-cü yerdə “Omar Atçılıq klubu”-nun idmançısı Nurlan Rüstəmov “Şantal” ləqəbli atla qərarlaşıb.

Günün 2-ci yarışı, “Zəfər” Kuboku uğrunda mübarizəyə saat 12:00-dan etibarən start verilib. “M**” kateqoriyalı 125-130 sm hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət yarışda 11 at iştirak edib. “Buta Golden Atçılıq Klubu”-nun idmançısı Eqor Morotskiy “Astrello” ləqəbli atla öz rəqiblərinə qalib gələrək 1-ci yerin və “Zəfər” kubokunun sahibi olub. “Omar Atçılıq Klubu”nun idmançısı Elmar Abdullayev “Bulud” ləqəbli atla 2-ci yerə yüksəlib. 3-cü yerin sahibi isə Atçılıq Məktəbinin nümayndəsi Ələkbər Məmmədov “Ak’s Clinteus” ləqəbli atla olub.

Qaliblər Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Bəsirət Quliyev tərəfindən diplom, medal və kubokla təltif ediliblər.