Arif Əsədov: "Bunu Rəşad Sadıqov daha yaxşı bilir..."

“Düşünürəm ki, “Neftçi” Kiprin 5-ci yerə gedən komandasını üstələyə bilər”.

Bu sözləri Sportline.az saytına açıqlamasında Azərbaycan millisinin köməkçi məşqçisi Arif Əsədov deyib. Veteran futbolçu klublarımızın Konfrans Liqasındakı şanslarını belə dəyərləndirib:

“Neftçi”də məşqçi problemi var deyə, bu, bir az çətinlik yarada bilər.  Reytinqə baxanda deyə bilərəm ki, “Neftçi” “Aris”dən güclüdür. Mən bu cütün taleyini 50-nin 50-yə nisbətində dəyərləndirirəm.

“Qəbələ”nin rəqibi qaranlıq qutu kimidir. “Fehervar” yaxşı tanınmır. “Qəbələ” heyətini 2-3 futbolçu ilə gücləndirsə, nəyəsə nail ola bilər.

O ki qaldı, “Zirə”yə... Çox çətin rəqiblə qarşılaşacaq. “Makkabi Tel Əviv” İsrailin tanınmış klublarındadır. Avrokuboklarda daima çıxış edir. Düşünürəm ki, “Zirə” irəliləyişdədir. İldən-ilə artırır. Konfrans Liqası üçün heyətini bir az gücləndirməlidir. Bunu Rəşad Sadıqov daha yaxşı bilir. Mübarizə bir az çətin olacaq. Amma futbolda hər şey mümkündür”.