Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Azərbaycanın şose velosipedi üzrə millisinin üzvü Elçin Əsədov haqqında film çəkilib.

Sportline.az xəbər verir ki, ssenari müəllifi Zəhra Quliyeva, quruluşçu rejissoru Aslan Qarayevin olduğu film Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Evində nümayiş etdirilib.

Nümayişdən öncə gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Nazir film barədə müavini Mariana Vasilevanın onu məlumatlandırdığını söyləyib: "Son zamanlar idmançılar haqda filmlər çəkilir. Bu, çox yaxşı haldır. Elçin Əsədov da Azərbaycan velosiped idmanında öz sözünü demiş biridir. Mənə Mariana xanım dedi ki, filmə baxıb, çox təsirlidir".

Daha sonra "Uğurlar - Elçin Əsədov" adlı filmin nümayişinə başlanılıb. Filmdə Elçin Əsədovun idmandan əvvəl Füzulidən məcburi köçkün olduğu, avtobusda konduktor və prefektoriyada usta köməkçisi işlədiyi özünün və ailəsinin dilindən eşidilir. O, Ukraynada ilk legioner həyatı yaşayanda rus dilində bir söz bilmədiyi və bunun ona çətinlik yaratdığını bildirib. Əsədov 2006-cı ildə Ukraynada evləndiyini, 2008-ci ildə orada velosiped sürərkən qəzaya düşdüyünü, bununla belə, qayıtdıqdan sonra ölkə çempionu olduğunu vurğulayıb.

Z.Quliyeva E.Əsədovun dünyanın məşhur velosipedçiləri sırasında olduğunu bildirib: "Hətta deyərdim ki, Əsədov top "25-lik"dədir. Belə idmançını işıqlandırmaq, kütləyə tanıtmaq böyük şərəfdir. Çünki hər bir azərbaycanlı ancaq uğurlu insanları tanımalı, belə insanlar vasitəsiilə özlərinə həyat məqsədi seçməlidir. Bu filmdə əsas məqsədimiz idmançıların keçdiyi ağır həyat yolunu, iki təkər üzərində etdikləri hərəkət hesabına qazandıqları uğuru göstərdik. Elçin Əsədov da rəngarəng və keşməkeşli həyat yolu keçib".

Quliyevanın sözlərinə görə, Əsədov 35 illik ömründə idman sahəsində yetərincə iz buraxıb və rəngarəng həyat yaşayıb: "Onunla neçə ildir dostuq. Elçinin həyatını işıqlandırmaq komandamız üçün maraqlı idi. Filmi qiymətləndirməyi tamaşıçıların ixtiyarına buraxırıq. Film haqqında heç nə deyə bilmərəm. İzlədikdən sonra tamaşıçılar öz fikirlərini bölüşə bilərlər".

Banner