“Çinar”lı, “Xudafərin”li Cəbrayıl futbolunun tarixi - LAYİHƏ

SportLine.az Azərbaycan futbolunun problemləri və onların həlli yollarından bəhs edən layihə çərçivəsində 11-ci yazını dəyərli oxucularına təqdim edir. Bu layihə çərçivəsində daha çox bölgə futboluna diqqət ayırmağa, oradakı problemləri işıqlandırmağa çalışırıq. Növbəti yazımızı Cəbrayıl futboluna həsr etmişik. Bu isə səbəbsiz deyil. Bir vaxtlar Azərbaycan çempionatında “Çinar”, “Xudafərin” kimi komandalarla iz qoyan Cəbrayılda uşaq futbolu hazırda yeni dirçəliş dövrünü yaşayır. Təsadüfi deyil ki, “Xudafərin”in U-14 komandasının yetirməsi Hüseyn Məmmədov bu yaxınlarda U-15 millimizə dəvət almışdı. Deməli, gələcəkdə alovnması gözlənilən böyük ocağın qığılcımları artıq var.

1993-cü ilin avqust ayının 23-də mənfur erməni işğalçılarının nəzarətinə keçən Cəbrayıl rayonunun həmin ərəfədə 1050 kvadrat kilometr ərazisi, 76600 nəfər əhalisi olub. Hazırda cəbrayıllıların sıx məskunlaşdığı Biləsuvar rayonunun ərazisində yerləşən qəsəbələrdə yeni uşaq komandaları yaradılır, futbola həvəsi olan azyaşlılar məşqlərə cəlb olunur. Bu haqda yazımızın davamında sizə ətraflı söhbət açacağıq. Hələlik isə ötən ərsin sonlarına qayıdaq, “Çinar” və “Xudafərin”in tarixinə nəzər salaq. Bu işdə bizə ağsaqqal futbol məşqçisi Xanış Mehdiyev yardımçı olacaq. Hazırda 66 yaşı olan Xanış müəllim 80-ci illərin sonlarından etibarən Cəbrayıl futbolunu dirçəlməsinə əmək sərf edib, baş məşqçi missiyasını öz üzərində götürüb. Amansız müharibə onu da çox sevdiyi top oyunundan ayırıb. 1992-ci ildən idman geyimini əsgər formasına dəyişən Mehdiyev düz 4 il ordu sıralarında zabit kimi xidmət edib, ağır döyüşlərdən keçib. Ordudan təxris olunduqdan sonra Sumqayıta qayıdıb və hazırda orada müəllimlik edir, yeniyetmələrin sağlam ruhda böyüməsi üçün əlindən gələni əsrgəmir.

Atalarımız “igid oğul dayısına oxşayar” deyiblər. Onların bu deyimi Xanış Mehdiyevlə onun bacısı oğlu Yasif Göyüşovun timsalında öz təsdiqini tapır. Belə ki, bu gün Xanış müəllimin missiyasını Yasif bəy davam etdirir. O, Biləsuvardakı “Xudafərin” Futbol Klubunun uşaq komandalarında məşqçi kimi fəaliyyət göstərir.

“Çinar”ın yetirməsi SSRİ yığmasına qədər yüksəldi”

Həm müharibənin gətirdiyi ağrı-acılar, həm də aradan keçən müddətin uzun olması, Xanış müəllimin futbolla bağlı xatirələrini azaldıb, bəzi vacib məqamları unutdurub. Amma 66 yaşlı həmsöhbətimiz SportLine. az oxucusu üçün, ötən günlərə qayıtmağa həvəslə razılıq verdi:

“Mən 1976-cı ildə İdman Akademiyasını bitirdim. Futbola isə lap uşaq yaşlarımdan həvəs göstərmişəm. Bizim rayonda hər kəs futbolu sevirdi, həm rayon mərkəzində, həm də kəndlərdə müxtəlif komandalar vardı. Kəndlər arası və məktəblilərin müxtəlif çempionatları keçirilirdi. Ali məktəbi bitirdikdən sonra doğma rayonumuza qayıtdım. Növbəti 9 ili rayonda Uşaq-Gənclər İdman məktəbində müəllim işlədim. 1985-ci ildən isə futbtol hakimliyinə başladım, respublika daxili yarışlarda ədaləti qoruyurudum. Həmin il də idman məktəbinin direktoru təyin olunmuşdum. Müxtəlif rayonlara oyunlara gedirdim. Elə onlara baxdıqca ürəyimdə bir istək yaranırdı ki, Cəbrayılın da futbol komandası olsun, rayonumuzu təmsil etsin. Bilirdim ki, rayonumuzda yetərincə istedadlı gənc var, onlara güvənmək olar. Əvvəllər də müxtəlif komandalar Cəbrayılı yarışlarda təmsil etmişdi. Amma nədənsə həmin vaxt rayonumuzda komanda yox idi, komanda olmayanda isə futbola da maraq azalır. Bu istəklə komanda yaratmaq həvəsinə düşdüm. Hazırda rayonumuzun İcra Hakimiyyətinin başçısı olan Kamal Həsənov həmin vaxt rayon komsomol təşkilatının şöbə müdiri idi. Onun yaxından köməyi ilə rayonda 8 komandanın iştirakı ilə daxili çempionat keçirdik. Bütün iştirakçılar cəbrayıllılar idi. O komandalarda oynayanların arasından seçim apardıq və “Çinar”ın heyətini formalaşdırdıq. 1986/87-ci il mövsümündə Azərbaycan çempionatında zona yarışlarına qatıldıq. Elə ilk cəhdimizdəcə bizim zona yarışlarının qalibi olduq. Mən də komandanın oynayan məşqçisi idim. Zərurət olanda meydana çıxırdım. Amma əsasən heyətin formalaşdırılması, meydandakı proseslərə nəzarət etmək, oyunlara hazırlaşmaqla məşğul idim. Sabirabadda keçirilən turnirdə 1-ci yeri tutandan sonra növbəti mərhələdə Zaqatalaya yollandıq. Orada da zonaların qalibləri qarşılaşırdı. Gücümüzü göstərdik və qalib adını “Çinar” qazandı.

Artıq tam komanda şəklində formalaşmışdıq. Bizim turnir keçirməyimizin faydası o oldu ki, məşqçi Rauf Qasımovla birlikdə seçim etmək imkanı qazanmışdıq, Cəbrayılın ən istedadlı və güclü futbolçularını “Çinar”a toplamışdıq. Bu işdə Kamal Həsənovun da bizə yaxından köməyi dəydi. Bizim topladığımız heyətdən 1973-cü il təvəllüdlü Sərdar Abdullayev yeniyetmələrdən formalaşan SSRİ yığmasına qədər yüksələ bildi. Digər istedadlı futbolçumuz Vəli Hüseynov isə Azərbaycan çempionatında sözünü demiş futbolçulardandır. “Turan”da “Neftçi”də, “Qarabağ”da çıxış edib. Ölkə çempionatının qızıl medallarını da qazanmağı bacarıb. Tovuz komandası ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil edəndə, “Fənərbaxça” ilə qarşılaşanda Cəbrayılın yetirməsi Vəli də heyətdə idi. Məşqçilik fəaliyyətini isə “İnter”də davam etdirir.

Onlardan başqa Əli və Yaşar Abuzərov qardaşları da “Çinar”ın Azərbaycan futboluna bəxş etdiyi istedadlardır. Yaşar hazırda “Qəbələ”də uşaqlara futbolun sirlərini öyrədir. Bütün saydığım futbolçular “Çinar” Zaqatalada 1-ci yeri tutanda onun heyətində idilər. Bir müddət “Çinar”ın baş məşqçisi kimi Rauf Qasımov çalışdı. Mən idman məktəbinin direktoru olduğum üçün bəzən uzaq səfərlərə çıxa bilmirdim, komandadan ayrı düşürdüm. Amma rayon rəhbərliyi sonradan təkid etdi ki, komandanı yenidən qəbul edim.

1989-cu ildə “Çinar” adını “Xudafərin”ə dəyişdirdik. Həmin vaxtlar Xudafərin adına ehtiyatla yanaşırdılar, bu addan çəkinirdilər. Səbəbi isə hər kəsə bəlli idi. Çinar adını isə Cəbrayılda ucalan, yaşı yüz illiklərlə ölçülən və rayonumuzun simvoluna çevrilən ağacların şərəfinə götürmüşdük. Ad dəyişikliyindən sonra komandamız “Xudafərin” adı ilə çıxış etməyə başladı. Məşqçilər korpusuna Əhməd Kərimov da cəlb olunmuşdu. Rauf müəllim də mənimlə bir yerdə çalışırdı. Biz “Xudafərin”i komandadan kluba çevirdik. Çünki Mərcanlı kəndinin eyniadılı komandası da 2-ci zonadan yarışlara qatılmışdı. Biz isə əsasən şəhərin özünü təmsil edirdik. Fəxr edirdik ki, doğma Cəbrayıl respublika səviyyəli yarışlarda iki komanda ilə təmsil olunur. Daha da inkişaf etmək üçün “Xudafərin”i kluba çevirdik. Mən isə klubun prezidenti seçildim.

İki il bu cür fəaliyyət göstərdik. 1992-ci ildə ermənilərlə müharibə şiddətləndi və mən bir çoxları kimi könüllü olaraq ön cəbhəyə yollandım. Komanda ilə əlaqələrim kəsildi. 4 ildən çox ermənilərə qarşı savaşın ön xəttində oldum. Ordudan təxris olunduqdan sonra isə artıq rayonumuz işğal altında idi. Mən də Sumqayıta gəldim. O günləri xatırladıqca kövrəlirəm. Çox əziyyət çəkmişdik. Sağlam bünövrə üzərində klub qurmuşduq, gələcəkdə Azərbaycan futboluna daha böyük töhvələr verəcəkdik, Cəbrayılın adını uğurla təmsil edəcəkdik. Amma amansız müharibə bütün işlərimizi yarıda saxladı. “Xudafərin” də dağıldı. Hazırda bacım oğlu Yasif Biləsuvarda yaradılan “Xudafərin”də uşaqlara futbolun sirlərini öyrədir. Mən isə Sumqayıtda Cəbrayılın qaçqın məktəbində işləyirəm. Burada şərait elə də yüksək deyil. 3 il Sumqayıtın şəhər məktəbində işləmişəm. Orada yaratdığım futbol komandası şəhərin məktəbləri arasında keçirilən yarışda ardıcıl iki il gümüş medallar qazanıb. Danışmaq çox çətindir. Çox istərdim ki, doğma Cəbrayıla qayıdaq, orada yenidən “Xudafərin”i inkişaf etdirək, yeni istedadlar üzə çıxaraq... Bunları edə bilmədiyim üçün bir qədər futboldan soyumuşam. Müharibədən qayıdandan sonra Xəqani Məmmədov məni yenidən hakimliyə dəvət etdi, amma razılaşmadım. O dəhşətləri görəndən, Cəbrayılı itirəndən sonra çətin idi, səhhətimdə də problemlər yaranmışdı. Ona görə sevimli futboldan uzaq düşdüm”.

Tarix yenidən təkrar olunacaq: “Xudafərin” yaşayır!

“Xudafərin” Futbol Klubu 2013–cü ilin sentyabr ayında “İnsan Kapitalı Mərkəzi”nə üzv olan bir qrup gənc ziyalının təşəbbüsü və maliyyə dəstəyi sayəsində yaradılıb. Klubun yaradılmasında məqsəd erməni işğalından öncə futbol sahəsində kifayət qədər tanınan Cəbrayıl rayonunu yenidən bu idman növündə məhşurlaşdırmaqdır. “Xudafərin”in təsisçiləri 2013-cü ilin sentyabr ayında uşaq futbol məktəbini təsis edib və  növbəti ilin may ayından etibarən  məşqlərə start verilib. Təsisçilər qısa bir zamanda üç yaş qurupunda komanda təşkil edərək, AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlarda iştirak üçün müraciət edib. Elə ilk ildəcə “Xudafərin”in U-12, U-13, U-14 yaş qrupları üzə komandaları yarışlarda iştirak hüququ qazanıblar. Həmin komandalar öz yaş qruplarında müvafiq olaraq 4-cü, 5-ci və 6-cı yerləri tutublar. Növbəti  2015-2016-cı illər mövsümü isə “Xudafərin” üçün daha uğurlu olub. Həmin mövsüm  U-10, U- 11, U-12, U-13, U-14 komandaları ilə yarışlara qatılan “Xudafərin” əldə etdiyi yüksək nəticələrlə azarkeşlərini sevindirməyi bacarıb.

Belə ki, bu komandalardan U-12, U-13, U-14 növbəti mərhələyə vəsiqə qazanıb. 13 yaşadək futbolçulardan ibarət komanda isə “pley-off” mərhələsinə vəsiqə qazanmaqla tarixi uğura imza atıb. 1/8 final mərhələsinin ilk oyununda  rəqib “Qarabağ”ı İmişlidə qəbul edən “Xudafərin” 2:1 hesablı qələbəyə sevinib. Amma cavab görüşündə bir top artıq vuran rəqib komanda növbəti mərhələyə yüksəlib. Hazırda şəraitsizlikdən əziyyət çəkən “Xudafərin” məşqlərini Biləsuvar rayonu ərazisində, Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə keçirir. Təəssüflər olsun ki, iyirimi minə yaxın Cəbrayıllı məcuri köçkünün yaşadığı və on bir qəsəbənin yerləşdiyi bu ərazidə futbol stadionu yoxdur. Məşqlərini torpaq üzərində keçən “Xudafərin”in fədakar futbolçuları qış aylarında daha böyük problemlərlə üzləşirlər.

Klubun direktoru Nazim Fətullayevdən aldığımız məlumata görə, baş məşqçi Yasif Göyüşövla birlikdə məşq keçdikləri beş yaş qrupu üzrə komandada cəmi 92 futbolçu var. Heç bir ciddi şəraiti olmayan bu komanda yalnız fədakar insanların və əzmkar futbolçuların sayəsində çox qısa zamanda nailiyyət əldə edib, Cəbrayılın futbol ənənələrini bərpa etməyi bacarıb.

 Çətinliklərə baxmayaraq, ümidini üzməyən Nazim Fətullayevlə də söhbətimiz maraqlı alındı:

-          “Xudafərin”in yaradıcılarına, orada çalışan mütəxəssislərə və azyaşlı futbolçulara alqış düşür. Fədakarlıq etdiyiniz hamıya məlumdur...

-          Bizim hamımızın mənəvi borcudur ki, Cəbrayıl futbolunun ənənələrini və “Xudafərin” adını yaşadaq, onu layiqincə təmsil edək. Düzdür, şəraitimiz yaxşı olsa idi, biz də daha yaxşı nəticələr üçün mübarizə aparardıq. Amma neyləmək olar? Daha çətin günlərdən keçib gəlmişik. Mübarizəyə, çətinliklərə sinə gərməyə öyrəşmişik. Məşqləri Yasif müəllimlə birlikdə keçirik. Mənə “Çinar”da “Xudafərin”də oynamaq qismət olmasa da, çalışıram ki, komandamız üçün bacardığımı edim. Özüm əsasən Rusiyada futbol oynamışam. İstəyirik ki, yeniyetmə və gənclər zərərli vərdişlərdən uzaq olsunlar, idmana maraq göstərsinlər, sağlam böyüsünlər. AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edirik, çalışırıq ki, doğma Cəbrayılımızı orada uğurla təmsil edək.

-          Hər halda, xərclər olmamış deyil. Maddi çətinliklərin öhdəsindən necə gəlirsiniz?

-          Elə öz gücümüzə. Çalışırıq ki, uşaqlar həmin problemləri hiss etməsinlər. Nəyə gücümüz çatır onu da edirik. Nə mən, nə də Yasif müəllim heç bir maddi maraq güdmürük. Əksinə, imkanımız çatan qədər komandaya kömək edirik. Başqa sahələrdə çalışırıq, işdən sonra isə uşaqlara məşq keçirik. Ayrı yolumuz yoxdur.

-          Bildiyimizə görə, stadion probleminiz də var.

-          Bəli, var. Harada quru bir yer tapsaq, oranı stadion edirik. Torpaq yerdir, kiçik bir meydança bizə ayrılıb. Qapı tirini və dirəkləri özümüz düzəltmişik. Biləsuvardakı qaçqın düşərgələrində park var. Ot örtüyü yoxdur, torpaqdır. Yayda da tikan, ot-alaq basır. Əlimizlə onları təmizləyirik.

-          Ötən il yetirmələrinizdən Hüseyn Məmmədovun adına U-15 millimizə dəvət alanların sırasında rast gəldik.

-          Onu bu il “Qarabağ”a baxışa da çağırmışdılar. “Neftçi”də də baxışda olub. Üç gün milli komandanın düşərgəsində məşqlərə qatıldı. Bizdə hələlik U-14-dən yuxarı komanda yoxdur. Maddi problemlər imkan vermir ki, o yaş qrupunda da komanda yaradaq. Hüseyn ilə birlikdə daha 2-3 futbolçu var idi. Valideynləri razı olmadılar ki, onlar Bakıya getsin, klubların heyətində baxışda olsunlar. Hüseyn isə həm “Neftçi”də, həm də “Qarabağ”da bəyənildi. Amma yaşayış yerinin olmaması ciddi problemdir. Onun orada oynaması üçün gərək valideynləri də paytaxta köçərdilər. Buna isə maddi vəsait yoxdur. Kirayə tutmağı da təklif etdik. “İnsan  Kapital Mərkəzi”ndə toplaşan xeyirxah insanlar pul yığıb, komandaya top və forma ilə kömək edirlər. Onlar kirayə ev tutmağa da razı idilər. Təşkilatçılıq etmək istəyirdik, həmin uşaqların gələcəyinə inanırdıq. Amma nədənsə valideynlər bu işə maraq göstərmədilər. Digər aşağı yaş qruplarında da istedadlar var. Elə bu cür problemlərə görə gələcəyin necə olacağını bilmirik.

Tahir Süleymanov: “Xudafərin”in bazası və stadionu göz oxşayırdı”

 Bir vaxtlar “Xudafərin”in ölkə çempionatındakı oyunlarında ədaləti qoruyan beynəlxalq dərəcəli hakim Tahir Süleymanovdan da xatirələrini bizimlə bölüşməsini xahiş etdik. Cəbrayıldakı stadionda gördüklərini yaxşı xatırladığını vurğulayan Süleymanov “Xudafərin”in oyunlarına böyük marağın olduğunu, rayon stadionunun tribunalarını dolduran minlərlə azarkeşin sevimli komandalarına sona qədər çılğın dəstək verdiyini dedi:

 “Cəbrayıl futbolu Azərbaycan Çempionatının 1-ci dəstəsində “Xudafərin” komandası ilə təmsil olunurdu. Yaxşı xatırlayıram, rayon mərkəzində komandanın göz oxşayan yaşıl ot örtüyə malik əla stadionu və bazası var idi. Komandada bütünlüklə yerli futbolçular çıxış edirdi. Həmin vaxt birinci dəstədə demək olar ki, bütün bölgələr təmsil olunurdu. Cəbrayıl futbol məktəbinin yetirməsi Vəli Hüseynovun bir vaxtlar SSRİ-nin yeniyetmələr  yığmasına cəlb olunduğunu da xatırlayıram.

Evdə, səfərdə oynamaqlarına baxmayaraq açıq futbola üstünlük verirdilər. Müharibə şəraitində yaşayan rayonları tarixi adlar daşıyan komandalar təmsil edirdi. Stadionlara minlərlə azarkeş gəlir, heç kim rayonu, bölgəni tərk etmək haqqında düşünmürdü. Yerli futbolçularla çox yaxşı münasibətimiz, qarşılıqlı hörmətimiz var idi. Qalib, məğlub olmalarına baxmayaraq qonaq komandanı, hakimləri çox yaxşı qarşılayırdılar. Obyektivliyə böyük önəm verirdilər. Cəbrayılda idarə etdiyim son oyunlar indiyə kimi gözümün önündədir.

 İnanıram ki, Cəbrayıl mənfur düşmənlərdən azad olunacaq və “Xudafərin” yenidən bərpa olunaraq Azərbaycan çempionatında çıxış edəcək, futbolumuza öz töhvəsini verəcək. Vaxtilə oyunları idarə etdiyim Cəbrayıl stadionunda fəxri qonaq kimi görüşləri izləyəcəm”.

 Biz də Tahir Süleymanovun nikbin arzularına qoşulur, “Xudafərin”in doğma Cəbrayıl stadionunda keçirəcəyi oyunlardan reportaj hazırlamaq arzusu ilə bu günkü yazımızı yekunlaşdırırıq.

 

             Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir