Çingiz Hüseynzadə: "2022-ci il uğurlu alınıb"

"2022-ci il uğurlu alınıb".

Sportline.az xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, 2020 və 2021-ci ildə pandemiya şəraitində olduqlarını xatırladıb: "Pandemiyadan tam çıxmasaq da, bu ili uğurlu hesab edirəm. Koronavirusun ən çox zərbə vurduğu sahələrdən biri də idman olub, əsas zərbə idmana dəyib. Başqa məsələləri dərhal əvvəlki vəziyyətinə qaytarmaq mümkündür. Amma idmançının durumunu, onun formasını dərhal bərpa etmək mümkün deyil".

MOK rəsmisi İcraiyyə Komitəsinin iclasında cari ilin yekunlarının müzakirə edildiyini diqqətə çatdırıb: "Eyni zamanda 2023-cü ildəki tədbirlər haqqında fikir mübadiləsi aparıldı. MOK-un 30 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyev bir sıra idmançıların və idman xadımlərinin mükafatlandırılması haqqında sərəncamlar imzalamışdı. Böyük fərəh hissi ilə həmin mükafatları təqdim etdik. Onların hamısını təbrik edirəm".

Çingiz Hüseynzadə 2023-cü ildə Polşada Avropa Oyunları və digər böyük yarışların da baş tutacağını diqqətə çatdırıb: "2024-cü ildə Fransanın paytaxtı Parisdə növbəti Yay Olimpiya Oyunları gerçəkləşəcək. Bu turnirlərə hazırlıq baxımından 2022-ci il uğurlu olub".