Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxıb.

Sportline.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Macarıstan təmsilçisi Mikloş Ungvari ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Heydərov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Ardıcıl olaraq Ayton Siquir (Mozambik), Yakub Jeçminek (Çexiya) və Covanni Espozitonu (İtaliya) mübarizədən kənarlaşdıran cüdoçu Bilal Çiloğluya (Türkiyə) uduzub.

Eyni çəkidəki Nurlan Osmanov 1/32 final mərhələsində Tommi Masias (İsveç) ilə dueldən məğlub ayrılıb.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 7-cidir.