Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında  keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb. SportLine.az xəbər verir ki, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan Mübariz Cəfərov mundialın bürünc mükafatına sahib olub.

Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi 3-cü yer uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.

Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların çempionatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.