EYOF: Daha dörd cüdoçu mübarizəyə qoşulur

Slovakiyanın Banska-Bistritsa şəhərində təşkil olunan XVI Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) davam edir.

Sportline.az xəbər verir ki, cüdo yarışlarının ikinci günündə Azərbaycanın daha 4 təmsilçisi tatami üzərinə çıxacaq.

Oğlanların 66 kq çəki dərəcəsində yer alan Eltac Yusifli 1/16 finalda İvan Katiçi (Xorvatiya) sınağa çəkəcək. 73 kq-da mübarizə aparan Qədir Hüseynov isə eyni mərhələdə Randi Nagel (Estoniya) ilə üz-üzə gələcək.

Qızlardan Aydan Vəliyeva (52 kq) startda Helen Riegert (Almaniya) / Larissa Sickinger (Avstriya) cütünün qalibi ilə qüvvəsinı sınayacaq. Fidan Əlizadənin (57 kq) ilk rəqibi isə Rakel Bras (Portuqaliya) / Tereza Vanekova (Slovakiya) cütünün qalibi olacaq. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.

Görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, cüdo yarışlarının ilk günündə Azərbaycan təmsilçilərindən Murad Əliyev (55 kq), Nurlan Kərimli (60 kq) və Könül Əliyeva (48 kq) gümüş medal qazanıb. 
Yarış iyulun 30-dək davam edəcək. İlk dörd gündə fərdi, son gündə isə komanda turniri keçiriləcək. Azərbaycan millisi EYOF-a 12 cüdoçu ilə qatılıb.