Gətirməyənin...

Hər şey hazırdı, püşk də atıldı, səbətdən yenə vur-tut 8 komanda çıxdı. Komediyanı başlamaq olar. Gələn həftədən futbol üzrə Premyer Liqamızın növbəti mövsümünə start veriləcək. Prermyer Liqa deyəndə ki... Aşağı dəstə lap aşağıdadı. Demək olar ki, yox kimi bir şeydi. Yuxarı dəstənin də boğazdan yuxarı adından başqa heç nəyi yoxdu. Top elə yalnız Bakıda fırlanır. Futbolçularımız, hakimlər, həkimlər, şərhçilər, pulu AFFA-dan çıxanlar rayon üzünə həsrət qalıblar.

İndi elə ən asan iş klublarımızın adını saymaqdı. Başlayaq, üzümüzü ağardan “Qarabağ”dı, “Qəbələ”di. Sonra kim var ki? AFFA-nın oğlu “Səbail”di, bacısı oğlu “Sumqayıt”dı, qardaşı oğlu “Kəpəz”di, əmisi nəvəsi “İnter”di, bir də uzaqdan-yaxından qohumluğu çatan “Zirə”di...

Az qala yadımdan çıxmışdı, bir də yetim “Neftçi”di. Vəssalam. Mövsümboyu bu qohum-qardaş AFFA-nın cibində o qədər gəzişirlər, çempionatın sonuna yaxın futbol nazirliyimizin büdcəsində yel vurub yengələr oynayır. Hələ görək bu mövsümün sonunda necə olacaq.

Nəticə öncədən məlum olsa da, hadisələri qabaqlamağa tələsməyək. AFFA və AFFAətrafı, Bakı və Bakıətrafı çempionat indi başlayır. Püşkə inansaq, elə ilk turda fısqırıq olacaq. Son illər düşdüyü duruma görə təkcə azarkeşlərindən deyil, bəxt və taleyindən də küsən “Neftçi” Bakıda “Qarabağ”ı qəbul edəcək. İdman mətbuatındakı dostların bəziləri artıq derbi-filandan bəhs etməyə başlayıblar. Ola bilər, oyun günü möcüzə baş verər, flaqmanın kirayə qaldığı stadiona 500-600 azarkeş toplaşar. Bu da olar bizim üçün derbi. Derbi sayılmayan digər matçlarda stadionların qapısını neçə azarkeşin acacağını isə demək bir az çətindi.

Azarkeş, fanat məsələsi bizim futbolun qan verən yaralarından biridi. Məndə, səndə, bizdə, onlarda olan məlumata görə, AFFA və PFL əl-ələ verib bu yaranı müalicə etmək barədə fikirləşirlər. Deyəsən, hətta bunun yolunu da tapıblar. Guya, AFFA-nın qohumu sayılan komandalardan tələb olunub, “Qarabağ” və “Qəbələ”dən isə xahiş edilib ki, azarkeş problemini təcili yoluna qoysunlar. Klublara göndərilən AFPF 01-7713 saylı məktubda orta şriftlərlə göstərilib ki, klubunda top qovan hər bir yerli oyunçu komandası meydana çıxan oyunda özü ilə 30-35 azarkeş gətirməyə borcludu. Bir gecənin içində azərbaycanlı olub bizlərə qoşulan milliləşdirilmiş əcnəbilər də yaddan çıxmayıb. Onlar hər oyuna özləri ilə 12 azarkeş gətirməyə borclu sayılıblar. Götürək elə yeni azərbaycanlı Almeydanı, onun burada qohum-qardaşı, uşaqlıq dostu, sinif yoldaşı, universitet və hətta əsgərlik arkadaşı da olmalıdı axı.

Çaparın klublara çatdırdığı həmin məktubda bu limiti pozanlar üçün cəza tədbirləri də qeyd olunub. Göstərilən sayda azarkeş gətirə bilməyən oyunçu 2 ay sürücülük hüququndan məhrum ediləcək.

Sözün düzü, AFFA ilboyu verdiyi maaşın qarşılığında komandalardan çox da çətin bir şey tələb eləmir. Hər futbolçumuz üçün 30-35 azarkeş nədir ki? İndi camaat oğlunun sünnət toyuna 1255 adam yığır. Rəqsanənin qızının ad günündə hansı tortu necə kəsdiyinə 1 milyon 768 min adam tamaşa edir.

Mən biləni klublar bu məsələyə görə çox da hay-küy sala bilməzlər, yox əgər narazılıq etmək istəsələr, insafsızlıq olar. AFFA-nın verdiyi maaş onların gözündən gəlməzmi?

Etibar Cəbrayıloğlu

«Het-trik news» qəzeti

 

Etibar Cəbrayıloğlu