İdmançılarımız Vətənə medallarla döndülər

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Strongmen Federasiyasının dəstəyi ilə Gürcüstanda keçirilən beynəlxalq Qran-priyə yollanan 3 Strongmen idmançımızdan 2-si yarışın qalibi olaraq qızıl medal qazanib.

Sportline.az xəbər verir ki, bir idmançımız isə 5-ci yerdə qərarlaşıb. Şəxsi çəkisi 80 kq olan idmançılar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, dünya və Avropa çempionu, Azərbaycan Respublikasının beynəlxalq dərəcəli idman ustası Rövşən Xəlilov bütün rəqiblərindən güclü olduğunu sübut edib.

Çəkisi 105+ kq olan idmaçılar arasında isə Hümbətov Aydın qızıl medala sahib olaraq çempion adını qazanıb.

Digər təmsilçimiz Nicat Hüseynov isə çəkisi 105 kq-ya qədər olan 14 rəqib idmançı arasında 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, yarışda Azərbaycan, Gürcüstan, Almaniya, Estoniya, Latviya, İran, İsraildən 50-dən çox idmançı iştirak edib.

Strongmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev qeyd edib ki, idmançılarımızı qarşıda daha mötəbər yarışlar gözləyir. O, idmançılarımıza gələcək yarışlarda uğurlar arzu edib.