İlin son sınağı
Azərbaycan bu gün yoldaşlıq görüşü çərçivəsində Moldova seçməsini qəbul edəcək. Bu, həm də millinin cari ildəki son qarşılaşması olacaq. Avropa çempionatının təsnifat mərhələsini 6 xalla başa vuran Robert Prosineçkinin komandası Moldova ilə yoldaşlıq matçında azarkeşləri sevindirmək niyyətindədir. Əksəriyyət bu istəyi həyata keçirmək üçün moldovalıları münasib rəqib sayır. Bunu, qitə çempionatının təsnifatında zəif çıxışla da əlaqələndirmək olar. Qrup mərhələsində çəmi 2 xal toplayan Aleksandr Kurtiyanın yetirmələri hətta Lixtenşteyni də özündən irəli buraxmaqla son pillədə qərarlaşdılar. Topların fərqinə gəlincə, 4 qol vuran Moldova seçməsi qapısından buraxdığı 16 topun acısına üzülüb. Bir sözlə, bu komandanı doğma azarkeşlər önündə məğlubiyyətə uğratmaq milli üçün elə də çətin tapşırıq deyil. Qalır, yoldaşlıq oyununa rəğmən məsuliyyəti tam ciddiliyi ilə dərk edib, yüksək əzmkarlıq göstərmək. Görək, milli 2015-ci ilin son matçında qapını möhkəm çırpmağı bacaracaqmı? Bunu bu gün saat 21-də Olimpiya stadionunda başlanacaq oyun göstərməlidir.