Karlos Teves karyerasını başa vurub

Argentina milli komandasının keçmiş futbolçusu Karlos Teves karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, 38 yaşlı hücumçu atalığı Sequndo Raymundonun ötən ilin fevralında koronavirusdan dünyasını dəyişməsindən sonra bu addımı atıb. O, Raymundonun ölümünün ardından oynamağa davam edə bilmədiyini açıqlayıb.

"Mən karyeramı bitirdim. Bu, artıq rəsmi qərardır. Aralarında ABŞ da olmaqla, bir çox ölkədən təklifim var idi. Amma futbola əlimdən gələni verdim, bəsdir. Ötən il oynamaq çox çətin idi. Əsas fanatımı itirdiyim üçün futbolla qurtardım", - deyə Teves əlavə edib.

Qeyd edək ki, Karlos Teves son klubu Argentina "Boka Xuniors"undan 2021-ci ilin fevralında ayrılıb. O, əvvəllər Braziliyanın "Korintians", İngiltərənin "Vest Hem", "Mançester Yunayted", "Mançester Siti" və İtaliyanın "Yuventus" kimi tanınmış komandalarının formasını geyinib.