Kənan Məstəliyev: "Yeni Klublar Liqasına start veriləcək"
"2023-cü il bizim üçün xüsusi əhəmiyyət daşıyan bir il olacaq. Ötən il startını verdiyimiz müxtəlif layihələri davam etdirəcək, eyni zamanda yenilərini həyata keçirəcəyik".
Sportline.az saytına açıqlama verən Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev ağır atletika sahəsində builki gözləntilərdən danışıb:
"İlkin məqsədimiz bu idman növünə olan marağın artırılması, kütləviliyin təmin edilməsi yolu ilə yeni, gənc və güclü nəslin yaradılmasıdır. Bunun üçün regionlarda çalışmalar edəcək, tədris hissəsinə diqqət yetirəcək, paralel olaraq infrastrukturun qurulması, bərpası və yenilənməsini davam etdirəcəyik.
Beynəlxalq arenada bütün yarışlarda da iddialı olmaq istəyirik. Yeniyetmə, gənclər və böyüklər arasında Avropa və dünya birincilikləri və çempionatlarına qatılacağıq. Bununla yanaşı, 2024-cü il Paris Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan müxtəlif yarışlarda iştirak etmək niyyətindəyik. Bunların arasında Kuba və Qətərdə keçiriləcək Qran-Pri yarışlarını fərqləndirə bilərik.
Ölkə daxilində də keçiriləcək yarışların sayının artırılması nəzərdə tutulub. Ötən il yaradılan 30-a yaxın yeni ağır atletika klubunun iştirakı ilə yeni Klublar Liqasına start veriləcək, bu yolla ağırlıqqaldırmaya böyük maraq təmin ediləcək".