Kişinyovla Bakının fərqi, Bordinlə Qurbanovun oxşar cəhəti

Hər şeyin pulla həll olunmasının tərəfdarı deyiləm. Düzdü, istənilən sahədə uğur əldə etmək üçün pul önəmlidi. Amma uğurun pul ilə əldə olunması işin ən asan tərəfidi. Oğul ona deyirəm az pulla, çox iş görsün. 

Kişinyov kasıb ailə kimidi. Hər qəpiklərinin qədrini bilirlər, ailənin brend dükanlardan geyim almağa imkanı olmasa da, övladlarını təmiz və səliqəli geyindirirlər. Nəqliyyatları trolleybus olsa da, təmizdir keçidləri köhnə olsa da, bunlardan insanlar istifadə edir, yolun üstü ilə getmirlər. Kişinyovla Bakını müqayisə etmək düzgün deyil, ən azı təbiət fərqlidir. Məsələn Bakıda park salıb ağac əkirlər, onlarda meşəni hasara alıb park edirlər. Kişinyovu Gəncə ilə müqaisə etmək olar. Hündür çinar ağacları, meşəyə bənzər parkları, gölləri var. Şəhər təmizdi, həm insanlar yerə zibil atmır, həm də adam azdı. İşsizlik olduğuna görə Avropaya üz tuturlar. Şəhər ölüb, dolanmaq çox çətindi. Buna baxmayaraq insanların üzündən təbəssüm əskik olmur. Qızları şıltaqdı, bizdə oğlanlar qızlara, onlarda qızlar oğlanlara söz atır)). Yaxşı əlamət deyil, öz atasına, qardaşına hörmət edən qız başqa oğlana söz atmaz)). İndi bizim qızların nələr çəkdiyi mənə aydın olur)). 

Gələk futbola. Moldovada da vəziyyət ürək açan deyil. Ən azı vaxtilə Azərbaycanda çıxış etmiş moldovalı futbolçular səviyyəsində oyunçular da yetişmir. İnfrastrukturları yaxşı mənada təəccübləndirdi. Oyunun keçirildiyi stadionda ("Zimbru”nun stadionu) hər şey var idi. 2-3 məşq meydançası, əsas komandanın bazası, akademiyada çıxış edən gənc futbolçular üçün yataqxana. 

Lakin "Sperantsa”da təşkilatçılıq bərbad idi. Elementar işi normal görə bilmirlər. Maliyyə ilə bağlı deyil, normal menecerləri yoxdu. Ümumiyyətlə futbolumuzda ən bəyəndiyim iş, klublarımızda yaxşı idarə heyətinin formalaşmasıdı. Əla menecerlər yetişib. "Qarabağ”da, "Qəbələ”də, "Neftçi”də və digər klublarımızda elə insanlar çalışır ki, bir çox əcnəbi komanda idarəçilərinə dərs keçər. "Neftçi”də əla struktur qurulub. Mənim klubda çalışdığım dövürdəki kimi – "həm də mətbuat xidmətinin rəhbəri” vəzifəsi ləğv olunub)). Hər kəsin öz vəzifə təlimatı var buna uyğun hərəkət edir. Birinin digərinin işinə qarışmağa ixtiyarı yoxdu. Sistem saat kimi çalışır. Oyunla bağlı isə yazmayacam, özünüz izləmisiz. ”Sperantsa”nın mərhləni keçməsi "Neftçi” üçün fiasko olardı, necə ki, 2-ci təsnifat mərhələsini "Neftçi” mərhələni keçəcəyi təqdirdə "Arsenal” üçün faciə olacaq. 

Məncə, oyunun əsas hadisəsi "Forza Neftçi” idi. Əsl azarkeş olduqlarını artıqlaması ilə sübüt etdilər, əjdahadılar. Sizə asan gəlməsin çox uzun və yorucu səfərdi. Bunu sizə Slovakiyaya avtobusla getmiş adam kimi deyirəm. Bu səfəri ömürlərinin sonuna kimi unutmayacaqlar. Belə səfərlər futbolçuların məsuliyyətini də artırır, oyuna daha yaxşı köklənir, məğlub olacaqları təqdirdə onları nələrin gözlədiyini dərk edirlər. 

Baş məşqçi Roberto Bordinə gəlincə, maraqlı insandı, sanki ruhdu, yanındadı amma görmürsən. Qurban Qurbanovla oxşar cəhəti var - heç vaxt gülmür. Qurban müəllimdə hərdən təbəssüm olsa da, Bordində o da yoxdu. Oyundan sonra hamıya istirahət verdi... Əslində yazının ən maraqlı hissəsi bu üç nöqtədədi, amma onu yaza bilmərəm. Görüşəndə qulağınıza deyərəm ))).

Aslan Şahgəldiyev