Konfrans Liqasındakı klublarımızın oyunlarına hakim təyinatları

"Neftçi" və Kiprin “Aris” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Larnakadakı qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına həvalə olunub.

İvan Bebekə Qoran Pataki və Luka Payiç laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Dario Bel yerinə yetirəcək.

"Qəbələ"nin Macarıstanda "Fehervar"a qarşı keçirəcəyi ilk matç İsveçdən olan referilərə tapşırılıb. Kaspar Syöberqin köməkçiləri Maxs Robin Vilde və Andreas Svensson olacaq. Dördüncü hakim funksiyasını Qranit Maqedonci icra edəcək.

"Zirə"nin İsrailin "Makkabi" (Tel-Əviv) klubuna qarşı Bakıdakı görüşündə isə irlandiyalı ədalət təmsilçisi Rob Hennessi iş başında olacaq. Ona yan xətt hakimləri Emmett Dynan və Dermot Broughto köməklik edəcək. Dördüncü hakim isə Oliver Morandır.

Qeyd edək ki, hər üç oyun iyulun 21-də olacaq.