Vidanı əlamətdar edən ilklər: biri almanlar, biri də Ramil Şeydayev üçün - LAYİHƏ
SportLine.az dəyərli oxucularına “Yığma komanda: son seçmə mərhələnin analitik-statistik yekunu; AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması; yığmanı gücləndirmək imkanı: islahat, yoxsa inqilab yolu?” adlı layihə çərçivəsində 11-ci yazını təqdim edir.
Kayzerslautern şəhərindəki “Frits Valter” stadionunda keçirilən, latviyalı hakim Andris Treymanisin idarə etdiyi Almaniya ilə qarşılaşma, millimiz üçün dünya çempionatının seçmə mərhələsində sonuncu idi. Böyük ümidlərlə, sürpriz nəticələrlə start verdiyimiz daha bir mərhələni başa vururduq. Rekord xal toplasaq da, qrupda tutduğumuz yer baxımından ciddi dəyişikliyə nail ola bilməmişdik. Artıq “C” qrupundan mundiala kimin birbaşa qatılacağı, hansı komandanın “pley-off”a yollanacağı da bilinirdi. Sonuncu tur ilk iki pillədə qərarlaşan Almaniya və Şimali İrlandiya millilərinin turnir cədvəlindəki yerinə təsir göstərməyəcəkdi. Keçirdiyi 9 oyunun hamısında məğlub olan San Marinonun da sonuncu pillədən qurtulmaq şansı yox idi. Əvəzində 3-cü və 5-ci pillərdəki yerdəyişmə mümkün idi. Belə ki, Çexiya millisi 12 xalla 3-cü, 10 xalı olan Norveçlə Azərbaycan isə müvafiq olaraq 4-cü və 5-ci pilləni tuturdu. Riyazi baxımdan bu komandaların arasında yerdəyişmə ola bilərdi. Oktyabrın 8-də keçirilən oyunlarda Azərbaycan səfərdə Almaniya ilə qarşılaşırdı. Norveç evdə Şimali İrlandiyanı, Çexiya isə autsayder San Marinonu qəbul edirdi. Bu baxımdan Bakıdan qələbə ilə qayıdan çexlərin 3-cü pilləni də təmin etdiyini demək olardı. “Cırtdanlar” çətin ki möcüzəni gerçəkləşdirib onları büdrədə bilərdilər. Heç bizim də almanlarla oyunda şansımız elə də çox deyildi. Yeganə ümid yeri meydan sahiblərinin oyuna arxayın çıxması idi. Yalnız bunun sayəsində “bundestim”i büdrədib, Norveçin də Şimali İrlandiyaya uduzması sayəsində 4-cü pilləyə yüksələ bilərdik.
Möcüzəyə ümid az idi
Amma möcüzənin gerçəkləşəcəyi o qədər də inandırıcı görünmürdü. Milli komandamız psixoloji gərginlikdən əziyyət çəkirdi. Kapitan Rəşad Sadıqovun millidəki çıxışını bitirməsi komandada lider yoxluğu problemini üzə çıxarmışdı. 16 il ərzində 111 oyunda meydanda olan liderin yoxluğuna birdən-birə alışmaq çətin görünürdü. Bundan başqa Robert Prosineçkinin Azərbaycandan ayrılması ilə bağlı söz-söhbətlər özünün pik həddinə çatmışdı. Maraqlısı o idi ki, xorvatiyalı mütəxəssisin özü də Azərbaycandakı gələcəyi ilə bağlı qəti söz demir, futbolçularını və azarkeşləri intizarda saxlamağa üstünlük verirdi. Almaniya ilə oyundan əvvələ təsadüf edən və bu seçmə mərhələdə doğma meydanda sonuncu olan qarşılaşmada Çexiyaya məğlub olmağımız da millimizə əlavə psixoloji problemlər yaradırdı. Bu məğlubiyyətdən sonra özümüzə inamımız azalmış, azarkeşlər də ümidsizliyə düçar olmuşdular. Bütün bu çətinliklərin üzərinə rəqibin ad-sanı, “alman maşını” ilə oynamağın gətirdiyi həyəcan da əlavə olunur, gərginliyi daha da artırırdı. Baxmayaraq ki, əvvəlcədən də almanların turnir hədəfinin qalmadığı və Yoahim Lövün millimizə qarşı oyuna əsasən gənclərdən qurulmuş heyətlə çıxacağı məlum idi.
Rəqibin gücünü, almanlarla hətta əsas futbolçular olmadan belə oynamağın çətinliyini keçirdiyi mətbuat konfransında Robert Prosineçki də etiraf edirdi. Çalışdırıcının Almaniyada keçirdiyi konfransda dediyi “çalışacağıq ki, oyundan sonra bir-birimizin üzünə baxa bilək” cümləsi də çox şeydən xəbər verirdi. Prosineçkinin digər cümlələri də bizi nə qədər çətin oyun gözlədiyinə işarə saylı bilərdi: “Rəqib barəsində çox şey demək istəmirəm. Almaniya dünyanın ən güclü komandasıdır. Sabahkı oyunda onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik. Artıq onlar da bizim nəyə qadir olduğumuzu bilirlər”.
Təsadüfi deyildi ki, Robert Prosineçki Azərbaycanda çalışdığı müddətdə adət etdiyi bir davranışından məhz bu qarşılaşmadan imtina etməli oldu. Bütün rəqiblərlə oyunlardan bir gün əvvəl start heyəti açıqlayan çalışdırıcı Kayzerslauterndə bunu edə bilmədi. Bu addımın səbəbi kimi isə Prosineçki zədəli futbolçuların çoxluğunu, heyətlə bağlı son qərarını verməməsini göstərdi. Xorvatiyalı mütəxəssis qayğılandıran təkcə Rəşad Sadıqovun yoxluğu deyildi. Zədəli Maksim Medvedev də almanlarla oyunda meydana çıxa bilməyəcəkdi. Millinin aparıcı üzvlərindən sayılan Rahid Əmirquliyev, Ramil Şeydayev və Əfran İsmayılov “Qarabağ”da, “1nömrə” Kamran Ağayev isə Çexiya “Mladost”unda müntəzəm oynamaq şansı qazana bilmir, oyun təcrübəsi azlığından əziyyət çəkirdilər.
Qarşı tərəfdə isə bu cür problemlər yox idi. Azərbaycanla oyundan bir-neçə ay əvvəl Almaniya millisi gənc futbolçulardan qurulmuş heyətlə Konfedrasiyalar Kubokunun qalibi olmuşdu. Lövü narahat edən futbolçu azlığı yox, çoxluğu idi. Eyni mövqeyə birdən-birə 2-3 yaxşı futbolçunun iddia etməsi, almanların çalışdırıcısını çətin vəziyyətdə qoymuşdu. Onun qarşısında həm gənclərə yol açmaq, həm də düzgün seçim etmək tapşırığı dururdu. Almaniya qrup birinciliyini təmin etsə də, Azərbaycana güzəştə getmək fikri yox idi. Konkret tapşırıq qrupdakı 10-cu oyunda da qələbə qazanmaq, bu mərhələni itkisiz başa vurmaq idi.
Elə Lövün oyundan əvvəl keçirilən mətbuat konfransında dedikləri də bu hədəfdən xəbər verirdi: “9 oyuna 9 qələbə - bu, mükəmməl nəticədir. Futbolçulara istirahət vermək, rahatlaşmaq peşəkarlığa sığmaz. Kayzerslauterndə 50 minə yaxın azarkeş önündə Azərbaycan millisini qəbul edəcəyik. Biz bu oyunda da qalib gəlmək niyyətindəyik. Qrupda keçiridiyimiz 10 oyunun hamısında qalib gəlmək rekord göstərici sayılacaq. Bununla belə heyətdə bir çox dəyişikliklər edəcəyik. Az şans qazanan futbolçular meydanda olacaqlar”.
Şeydayevin şoka saldığı almanlar...
Rəşad Sadıqovun əvvəlcədən elan etdiyi kimi, onun yoxluğundan kapitan sarğısı Rahid Əmirquliyevin qolunda idi. Ənənəvi olaraq Kamran Ağayev “çərçivə”dəki yerini tutmuşdu. Müdafiənin mərkəzində isə Rəşadın əvəzinə Ruslan Abışov Bədavi Hüseynovla çiyin-çiyinə almanların hücumlarını dəf etməyə çalışacaqdı. Onlara bu işdə cinahlarda gənc Təmkin Xəlilzadə ilə Məhəmməd Mirzəbəyov yardım etməli idilər. Adı çəkilənlərdən başqa ilk dəqiqələrdən Prosineçki bu futbolçulara güvənmişdi: Qara Qarayev, Riçard Almeyda, Cavid Hüseynov, Əfran İsmayılov, Ramil Şeydayev. Maraqlıdı ki, oyun bizim üçün hər nə qədər çətin keçsə də, Prosineçki əvəzetmə imkanlarının heç də hamısından yararlanmadı. 69-cu dəqiqədə Dmitri Nazarovu Cavidin yerinə buraxan millimizin baş məşqçisi 8 dəqiqə sonra Əfranı Ruslan Qurbanovla əvəzlədi. Görünür, hadisələrin gedişatı və almanlarla qüvvələrin qeyri-bərabər olması xorvatiyalı mütəxəssisi sonuncu əvəzetmə imkanından vaz keçməyə vadar etdi. Prosineçki özü də anlayırdı ki, ehtiyat oyunçular skamyasında bu cür güclü rəqiblə oyunun axarını dəyişəcək futbolçu yoxdur.
Elə qarşılaşmanın ilk dəqiqələrindən hiss olunurdu ki, millimizin üzvləri rəqibdən çox ehtiyat edirlər və meydana xeyli həyacanlı çıxıblar. Gedişat tezliklə hesabın açılacağından xəbər verirdi. Elə gözlənildiyi kimi də oldu. Yavaş-yavaş meydanın bizə aid hissəsini “işğal edən” almanlar 8-ci dəqiqədə küncə zərbəsi vurmaq hüququ qazandılar. Qapı qarşısına havalandırlan top Qara Qarayevin ayaqlarına toxunub, Leon Qoretskanın önünə düşdü. Arxası “çərçivə”yə olan “Şalke”nin hücumçusu dabanla hesabı açdı. Bu qolun şokundan ayılmamış daha bir qolu qapımızda görə bilərdik. Amma Sandro Vaqnerin boş qapıya göndərdiyi topun qol olmamasında bir az bəxt, bir az da qapı dirəyi köməyimizə çatdı. Bundan sonra oyun nisbətən sakitləşdi. Almanların tələsmədiyi, gec-tez hesabı artıracaqlarından əminlikləri aşkar hiss olunurdu. Yaranmış arxayınçılıqdan Ramil Şeydayev əla yararlandı və almanları sözün əsl mənasında şoka saldı.
İstedadlı gənc hücumçu sol cinahda topu ələ keçirib, sürətlə irəliləməyə başladı. Cərimə meydançasına daxil olan kimi mükəmməl driblinqlə “Çelsi”li Antonio Rüdigeri yerə sərən Ramil əla zərbə ilə “hədəfi” nişan aldı. Şeydayevin 34-cü dəqiqədə vurduğu bu qol hesabı bərabərləşdirdi. Bu həm də o demək idi ki, almanlar seçmə mərhələdə ilk dəfə doğma meydanda öz qapılarında qol gördülər.
... bizə qarşı amansız oldular
Hesabın bərabərləşməsi almanları aqressivləşdirdi və onların hücumlarının kəsəri daha da artdı. Bununla belə, fasiləyə qədər millimiz bərabərlik hesabını qorudu. İkinci hissənin əvvəli də xeyli gərgin, rəqibin ağlasılmaz təzyiqi fonunda keçdi. Bu təzyiqin nəticəsi özünü 55-ci dəqiqədə göstərdi. Vaqnerin qüvvətli baş zərbəsini Abışov qapı xəttinin üzərində çıxarmağı bacarsa da, bir qədər gecikdi və laysman mərkəzə doğru isitiqamətləndi. 9 dəqiqə sonra hesab 3:1 oldu. Bu dəfə Ramilin qol vurduğu epizodda səhvə yol verən Rüdiger başla fərqləndi. Onsuz da gərgin görünən, rəqibdən açıq-aşkar çəkinən futbolçularımız bu dəqiqələrdə daha zəif oynayır, almanların aramsız hücumları qarşısında aciz görünürdülər. “Alman maşını” isə dayanmaq bilmirdi. Rüdigerin qolundan iki dəqiqə keçməmiş Qoretska “dubl”unu rəsmiləşdirdi. Amma bu qol da oyunda sonuncu olmadı. Almanların beşinci qoluna türk mənşəli Əmrə Can 81-ci dəqiqədə təxminən 30 metrlik məsafədən vurdu. Beləliklə millimiz qrupdakı sonuncu oyunda Almaniyaya 1:5 hesabı ilə uduzdu.
Bu məğlubiyyət millimiz üçün seçmə mərhələdə 6-cı oldu. Robert Prosineçkinin çalışdırdığı komanda keçirdiyi 10 oyunda 3 qələbə qazandı - iki dəfə San Marinonu, bir dəfə isə Norveçi məğlub etməyi bacardıq. “Sülh”lə bitən yeganə qarşılaşma isə Çexiya ilə Ostravada keçirilən oyun idi. Topladığımız 10 xal isə yalnız San Marinonu qabaqlamağa, qrupda 5-ci pilləni tutmağa kifayət etdi. Qalan bütün rəqiblər bizə yuxarıdan aşağı baxırdılar. Almaniya ilə qarşılaşma Robert Prosineçki üçün millimizin sükanı arxasında sonuncu oldu.
Yaşar Vahabzadə: “Alman maşını” işə düşdüsə...”
Bu dəfə SportLine.az-ın müsahibi kimi Yaşar Vahabzadəni seçdik. 57 yaşlı mütəxəssis 1993-1995-ci illərdə 7 qarşılaşmada milli komandamızı formasında meydana çıxıb. Bununla yanaşı onun məşqçilik fəaliyyətinin böyük qismi millilərimizlə bağlıdır. Son 15 ildə Vahabzadə qısa fasilələrlə Azərbaycanın U-17, U-19 və U-21 yığmalarını çalışdırıb. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı qalib adını qazanan U-23 komandamızın baş məşqçisi də Yaşar Vahabzadə idi. Deməli, Azərbaycan futbolunun problemlərini, futbolçularımızın müsbət və mənfi tərəflərini də kifayət qədər yaxşı bilir.
Futbolumuzun bu günkü potensialını nəzərə alanda topladığımız 10 xalı yaxşı göstərici sayan həmsöbətimiz, fikrini belə əsaslandırdı:
- Gəlin əvvəlki illərə də nəzər salaq, yığdığımız topladığı xalları və sərgilədiyimiz oyunu gözümüzün önünə gətirək. Sonra da müqayisəyə başlayaq. Bu seçmə mərhələdə bəzi oyunlarda Azərbaycan millisi sırf hücum futbolu sərgilədi. Millimizin üzvləri bunu sübut etdilər ki, onlar da hücum futbolu oynaya bilirlər. Elə onun sayəsində də 10 xal topladıq, qollar vurduq. Bu baxımdan nəticələri qənaətbəxş hesab edirəm. Bəli, 10 xal bizim maksimumuz deyil. Onu daha da artıra bilərdik, qələbələrimizin sayı çox olardı. Konkret məqamlarda əleyhimizə işləyən məqamlar oldu. Bəxtsizlikdən də əziyyət çəkdik. Mənim nəticəni qənaət bəxş hesab etməyimin əsas səbəbi ötən illərdə, seçmə mərhələlərdə qazanılan nəticələr və sərgilənən oyunla müqayisədir. Keçmişə baxanda bu günkü nəticələrdən razı qalmalıyıq. Buna əsasən də gələcəyə ümidlə baxmalı, nəticələrin daha da yaxşılaşacağına ümid etməliyik.
- Siz özünüz də müxtəlif milli komandaların çalışdırıcısı kimi Almaniya ilə qarşılaşmısınız. Deməli, problemlər sizə də tanışdır. Bu seçmə mərhələdə də millimiz almanlarla iki oyun oynadı. Çox çalışdıq, amma böyükhesablı məğlubiyyətdən qaça bilmədik. Səbəb nədir?
- Bizim problemlər oxşar olduğu kimi, onların da bütün yaş qrupları üzrə milli komandalarından səviyyə, inkişaf eynidir. Biz almanlardan sürətdə, topla rəftarda, meydanda tez qərar verməkdə, kreativlikdə, bir sözlə hər şeydə geri qalırıq. Rəqibdən hansısa bir-iki göstərici də geri qalsan, başqa keyfiyyət sayəsində bunu “sığortalaya” bilərsən. Amma bizimlə almanların müqayisəsində bu mümkün deyil. Bu gün Almaniyaya “alman maşını” nahaq yerə demirlər. Bu “maşın” işə düşdüsə, onu dayandırmaq mümkün deyil. Elə dünya çempionatında Braziliya ilə oyunda da bunu gördük. Mundialın əsas favoritlərindən biri öz “evində” 1:7 hesabıyla uduzdu. Yəni ki, Almaniya sözün əsl mənasında inkişaf etmiş futbol ölkəsidir. Onlara qarşı oynamaq çox çətindir. Bizim futbolçular rəqibin nə edəcəyini proqnozlaşdırmağa, mövqeləri bağlamağa çalışanadək onlar artıq qərar qəbul edir, sürətli hücum qurur, dəqiq ötürmələrlə qapımızın qarşısına gəlib çatırlar. Burda da “hədəf”i nişan almaq onlar üçün elə də çətin iş deyil. Bunun da nəticəsində böyükhesablı məğlubiyyət qaçılmaz olur.
- Yaşar müəllim, uzun müddət aşağı yaş qruplarında çalışmısınız, U-21 millisinin baş məşqçisi olmusunuz. Böyük bir futbolçu nəsli gözlərinizin önündə formalaşıb. Hazırda U-21-də oynayan hansı futbolçunun gələcəkdə əsas komandanı gücləndirə biləcəyini düşünürsünüz?
- Bəlkə də belə bir sualın cavabında ad çəkmək düzgün olmaz. Birinin adını çəkərsən, o birini unudarsan, həmin futbolçu da səndən inciyər (gülür). Onsuz da belələri çox deyil. Etiraf etməliyik. Amma buna potensialı olanlar var. Sadəcə, öz üzərlərində çox çalışmalı, istedadlarından düzgün yararlanmalıdırlar. Hazırda U-21-də oynayanlardan yox, bundan əvvəlki yaş qrupundan bəzi futbolçuların adlarını çəkmək mümkündür. Onlar mayda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında da özlərini göstərə bildirlər, qalib adını qazandılar. Həmin futbolçulara yaxın gələcək üçün ümidlə baxmaq olar. Mütləq ad çəkməli olsam, Coşqun Diniyevi, Azər Salahlını, Mahir Mədətovu, Sadiq Quliyevi, Elşən Abdullayevi, Vüqar Mustafayevi, Elvin Camalovu misal göstərə bilərəm. Kiminsə adını unutdumsa, üzrlü saysın. Bu uşaqlar həm də Premyer Liqada öz klublarında da müntəzəm meydana çıxırlar, əsas heyətdə özlərinə yer ediblər. Hələ nisbətən cavandırlar. 22-23 yaşları var. Onları perespektivli hesab edirəm. Amma hər şey özlərinin işə münasibətindən asılıdır. Həm də unutmayaq ki, millimizin artıq yeni baş məşqçisi var. Qurban Qurbanova uğurlar arzu edirəm. Yeni məşqçisinin oyun sxeminə uyğun gəlmək də vacib amildir.
- Elə özünüz də məhz bu məqama toxundunuz. Biz də Qurban Qurbanovun təyinatı ilə bağlı sual verməyə hazırlaşırdıq. Hamı Azərbaycan futbolunda böyük dəyişikliklərin olacağını gözləyir. Sizcə, Qurbanov dəyişikliyə hardan başlamalıdır, biz nəyi dəyişdirməliyik?
- Qurban müəllim özü də yetərincə təcrübəyə sahibdir. Dəyişikliyə hardan başlamaq lazım olduğunu daha yaxşı bilir. Eyforiyaya qapılıb, tez-tələsik nəticə tələb etməyimiz düzgün olmaz. Həmin o dəyişikliklər bir günün içində baş verməyəcək ki, biz də ondan dərhal yaxşı nəticələr tələb edək. Mərhələ-mərhələ dəyişməliyik. Qurbanov öz oyun sxemini millinin üzvlərinə aşılamalı, öz düşündüyü kimi komanda formalaşdırmalıdır. Yalnız bundan sonra dəyişiklikdən, nəticələrdən danışa bilərik. Axı, futbolçuları bir günün içində dəyişmək, yeni məşqçinin oyun fəlsəfəsini qısa müddətdə onlara aşılamaq mümkün deyil. Buna vaxt tələb olunur. Biz mütəxəssislər, siz mətbut nümayəndələri, azarkeşlər birdən-birə nəticə gözləməməliyik. İşlər mərhələli şəkildə həyata keçirilməlidir ki, o da öz bəhrəsini nəticələrdə əks etdirsin.
- Deməli, siz də o fikri dəstəkləyirsiz ki, uğur qazanmaq üçün dəyişikliyə aşağılardan başlamalıyıq...
- Bilirsiz, tələsməklə heç nə olan deyil. Söhbət təkcə millidəki dəyişikliklərdən getmir. Millinin məşqçiləri futbolçunu klublardan götürür. Futbolçu klubdan gəlir və 4-5 gün milli komandanın düşərgəsində olur. Bu müddət ərzində biz onu tam dəyişdirə, tam istədiyimiz kimi oynamağa məcbur edə bilmərik. Belə alınmayacaq. Futbolçu klubdan yığmanın düşərgəsinə hazır gəlməlidir. Klublarda aşağı yaş qruplarında düzgün iş aparılmalıdır. Klublarda işləyən uşaq məşqçiləri peşəkarlıqla çalışmalı, uşaqları düzgün yetişdirməlidilər. Biz millidə onların yetişdirdikləri futbolçuları oynadırıq. İşlər bu istiqamətdə görülməlidir. Məşqçiləri qınayırdılar ki, günahı klubların üzərinə atırlar. Axı, bu futbolçu klubun məhsuludur. Seçim də elə də geniş deyil. 100 və ya 200 futbolçu milliyə namizəd hesab olunmur ki, orada seçim apararkən səhvə yol verəsən. Əsas çətinlik seçim imkanının az olmasıdır. Yığmaya gələn 17 və ya 19 yaşlı futbolçu artıq püxtələşməlidir. İndi limit tətbiq olunur, klub məşqçiləri 21 yaşadək futbolçunu məcburiyyətdən meydana buraxırlar. Amma belə olmamalıdır. 21 yaşı tamam olmamış futbolçu öz gücü hesabına heyətdə yerini tutmalı, meydana çıxmalıdır. Klubunda əsas heyətdə oynaya bilməyən futbolçu millini necə gücləndirəcək? Bizdə gənclərə limitə görə güzəşt edirlər, oynamağa şans verirlər. Limit ləğv olunsa, həmin futbolçular ümumiyyətlə, oyun təcrübəsinə həsrət qalacaqlar. Bu da özünü millidə göstərir.
Yaşar Vahabzadənin sözləri Azərbaycan futbolunun ümumi problemlərinin qısa icmalı idi. Görünən odur ki, böyük dəyişikliklər ərəfəsində olan futbolumuzda görüləsi işlər, həllini gözləyən məsələlər də çoxdur.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir