Limon atanlara daha maraqlı təkliflər

Son vaxtlar uzaq düşdüyüm gündəmə deyəsən yeni mövzu atılıb. Limon kimi. Gözəl nemətdir. Amma çaya atılanda. Meydana yox.

Deyilənə görə, “Qarabağ”ın fanatlarının işidir. Ola bilər, niyə də yox? İstənilən klubun azarkeş toplusunda yer alan hansısa geri zəkalıdan bu addımı gözləmək olar. Etiraf edək ki, meşə çaqqalsız olmur. Bu baxımdan hansısa klubu konkret hədəfə almaq məqbul sayılmazdı.  Bayaq məntiqinə şübhə etmədiyim dostlardan biri məsələni siyasiləşdirməyin də, əleyhinə olmadığını bildirdi. Axı, bu ağız büzüşdürən söhbət bəzilərinin siyasi cəhətdən həssas saydığı  bölgələrdən birinin komandası ilə oyunda qeydə alınıb. Bu ehtimalı beşiyindəcə boğub, məsələnin əslində çox bəsit xarakterizəyə ehtiyacı olduğunu bildirdim. Fikrimdən daşındırmağa istənilən cəhdin də fiaskoya uğrayacağına tam əminəm. Qardaşlar, bu hərəkət, “Turan”la oyunda meydana kartof, “Qəbələ” ilə görüşdə qoz, “Zaqatala” ilə qarşlaşmada fındıq atacaq qədər cılız təfəkkürə malik birilərinin fantaziyasıdır. Beləsinə deyəsən ki, “Hünərin var, “Neftçala”yla oyunda meydana qara kürü bankası at”. Tərslikdən, neftin qiyməti də düşüb. Yoxsa, təkliflər paketinə bir barel neft də əlavə edərdik. Bu baxımdan çempionatın debütantı da işə yarayar. “Zirə” ilə oyunda pomidordan, qarpızdan, əlinizə hansı keçsə atın. Deyəsən böhran hələ sizə kəllə atmayıb. Gələn dəfə əlinizi limona atanda, yadınıza bazarda od qiymətinə satılan bu şəfalı nemətə həsrətlə baxanları da yada salın. Nəticə çıxarmasanız da olar. Onsuz da, belə getsə, bir azdan ümumiyyətlə nə isə atmağa nə həvəsiniz, nə də heyiniz qalacaq.

P.S.  Limon ürəkbulanmanın dərmanıdır.

Tural Xudiyev