Lüdovik Blas: "Qarabağ"la oyuna tam hazırıq"

"Nant"ın futbolçusu Lüdovik Blas Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda sabah Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışıb.

Sportline.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında oyuna hazır olduqlarını deyib:

"Yol problem deyil. Uyğunlaşmaq üçün bir az tez gəldik. Tam olaraq matça hazırıq. "Olimpiakos"la oyundan sonra bəzi çətinliklər yaşadıq. Buna baxmayaraq sabahkı matçda yaxşı oynamaq istəyirik. Düşünürəm ki, evdə oynayanda daha rahat oluruq. Azarkeş amili də rol oynayır. Amma ölkə xaricində niyə belə qeyi-stabil çıxış etdiyimizi deyə bilmərəm. Hər oyunçunun hazırlığı öz beynində baş verir. Göstərməliyik ki, təsadüfi qələbə qazanmamışıq. Sabah əlimizdən gələni edəcəyik. Komandamız ən yaxşı tərəflərini göstərməyə çalışacaq. Təsadüfən burada olmadığımızı göstərməyə çalışacağıq".

25 yaşlı yarımmüdafiəçi bildirib ki, oyun qrafikinin sıxlığı onlar üçün bəhanə olmamalıdır: "Bunu heç kəs bəhanə edə bilməz. Hər bir peşəkar futbolçu daim formada olmalıdır. Oyunlarda yorula bilərik, amma sonra dincəlib bərpa olunuruq. Sıx qrafiki bəhanə etmək olmaz".

Lüdovik Azərbaycandakı hərbi vəziyyətə görə özlərini narahat hiss edib-etmədikləri barədə suala belə cavab verib: "Biz futbolçuyuq. Buraya oynamağa gəlmişik. Oyunu keçirib, geri qayıdacağıq. Hərbi əməliyyatların bizə heç bir aidiyyatı yoxdur".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nant” qarşılaşması saat 20:45-də başlayacaq.