Maldini ittiham etdi: "Onun futboldan başı çıxmır"
““Milan” böyük klubdur. Onun möhtəşəm tarixi var. Ancaq köhnə günləri qaytarmaq üçün rəhbərliyi, ideyaları və məqsədləri dəyişmək lazımdır”. SportLine.az xəbər verir ki, bu sözləri “Milan” klubunun əfsanəsi Paolo Maldini “Sky Sport” kanalına müsahibəsində deyib.
Klubun hazırkı vəziyyətə düşməsində rəhbərliyi, xüsusilə, Adriano Qallianini günahlandıran əfsanəvi futbolçu: “Onun futboldan başı çıxmır. Klubun strategiyası səhvdir. Struktur düzgün qurulmayıb. Nəticədə də, “Milan” uğurlardan uzaq düşüb”, - deyib.
“Milan”ın mühüm oyunçuları əldən verdiyini bildirən Maldini, İbrahimoviç, Kaka, Boatenq kimi futbolçuların satılmasını böyük səhv hesab edib: “Maddi cəhətdən əziyyət çəkdiyi vaxtlarda “Milan” Kaka, İbrahimoviç, Tiaqo Silva, Boatenq kimi futbolçuları satdı. Onların yerini doldurmaq üçün alınan futbolçularsa, təbii ki, həmin futbolçuların gücündə deyildilər. Bu, böyük səhv idi”.
Qeyd edək ki, Paolo Maldini 1985-2009-cu illərdə “Rossoneri”nin şərəfini qoruyub.