“Neftçi”yə yeni baş icraçı direktor təyin edilib

“Neftçi” Peşəkar Futbol Klubunun baş icraçı direktoru postuna yeni təyinat baş tutub.

Sportline.az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb.

İstanbul nəhənglərindən “Beşiktaş”ın idarəetmə sistemində ad çıxarmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutmuşdu. Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Cenk Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.

Qeyd edək ki, türkiyəli mütəxəssis Doğu Akdəniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb.