Prosineçki qərarını açıqladı
Robert Prosineçki futbol üzrə Azərbaycan milli komandasının sükanı arxasında qalmamağa qərar verib. Sportline.az xəbər verir ki, bu barədə 48 yaşlı mütəxəssisin özü index.hr saytına müsahibəsində bildirib.
R.Prosineçki yaxın günlərdə danışıq aparmaq üçün Azərbaycana səfər edəcəyini söyləyib. Xorvatiyalı baş məşqçi hazırkı işini davam etdirəcəyi fikrində olmadığını vurğulayıb: “AFFA ilə vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycanda olacağam. Yeni təkliflər üzərində çalışacağam. Çox güman ki, Azərbaycanda qalmayacağam”.
Xorvatiyalı mütəxəssis Sloveniya yığmasının baş məşqşçisi postuna dəvət almasına da münasibət bildirib. O, yayılan xəbərləri təkzib edib: “Almaniyadan dünən gecə qayıtmışam. Zaqrebə gəlməyim 12 saatımı aldı. Xəbərləri qəzetdən oxudum. Ola bilər ki, məni Sloveniya millisində görmək istəyirlər. Amma hazırkı anadək heç kim mənimlə əlaqə saxlamayıb. Bu, sabah da baş verə bilər. Ona görə də heç nə deyə bilmərəm”.
report.az