"Qarabağ" azarkeşlərinə çağırış

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Fransanın “Nant” klubu ilə sabah keçiriləcək oyundan öncə Azərbaycan və Ermənistan arasındakı hərbi münaqişədə şəhid olan həmvətənlərimizlə bağlı 1 dəqiqəlik sükut elan edilməsi ilə üçün UEFA-ya müraciət etmişdi.

Sportline.az xəbər verir ki, UEFA bu müraciəti müsbət cavablandırmayıb. Belə ki, qitə futbol qurumundan klubun narahatlığının başadüşülən olduğu, amma bunun futbolla əlaqəli olmadığı bildirilib.

Buna baxmayaraq, azarkeşlər öz təşəbbüsü ilə arenada 1 dəqiqəlik sükut edəcəklər. Bu barədə fanatların yaydığı açıqlamada bunlar qeyd olunub:

“Qarabağ” – “Nant” matçında şəhidlərin xatirəsini yad etmək məqsədi ilə hər kəsdən start fitindən sonra 1 dəqiqəlik ayaq üstdə sükut etməyi xahiş və tələb edirik. Şəhidlər ölməz, Vətən bölünməz!”

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək “Qarabağ” – “Nant” görüşünə saat 20:45-də start veriləcək.