"Qarabağ" - "Çelsi" tamaşasına sözardı

Ötən gecə Bakı Olimpiya Stadionuna tələsənlərin ürəyində bir ümid qığılcımı var idi. O qığılcım ki,  “Qarabağ” Madriddə “Atletiko” ilə oyunda  alovlandırmışdı. O gündən öləziməyən közü  “Qarabağ” sevgisi ilə qoruyan azarkeşlər, atəşfəşanlıq arzusu ilə tribunaları doldurmuşdular.  “Qarabağ”a inam ifadəsi mükəmməl xoreoqrafiyada da əksini tapırdı. Bir sözlə, bayram əhvallı futbol gecəsi yaxşı başlamışdı.

Amma, bütün bunların fonunda, soyuq Bakı payızının giziltisi yavaş-yavaş canımıza üşütmə salmaqda idi. Görünür, Miçelin zərbəsindən sonra, etibarsız topun qapı dirəyində çaldığı həyəcan təbili təsadüfi deyilmiş... Ardınca Manuel de Souza deyilən bəlaya tuş gələcəkmişik sən demə. 19-cu dəqiqə, penalti, qırmızı vərəqə və “Qarabağ”, oyunu 10 nəfərlə davam etdir!!! 

İngiltərə Premyer Liqası kimi sərt mübarizələr səhnəsində püxtələşən, türklər demiş - “oyunçulara” da təəccüblü gələn bu hökm, hansı tərəzinin gözünə gələrdi ki..?  Hətta, illərin təcrübəsinə güvənən Rəşad Sadıqov da, bu  yükü qaldırmaq gücündə deyildi. Kapitan, meydanı sanki komandasını  “yüz ilin tənhalığında qoyurmuş” kimi tərk edirdi. Aydın tablo göz önündə idi. Qitə nəhənginə qarşı qalan vaxtı azlıqda keçirmək, oyunda dönüş yaratmaq, reallıqla uzlaşmırdı. Əksinə, qalan vaxtda qapımızda sıralanan qollar, bir nəfərin vicdanına yazılacaq, o da həmin əzabdan zövq alırmış ki, ləzzət anını uzatmaqdan çəkinməyəcəkdi. Haqsızlığa öyrəşmək məcburiyyətində qalan “Qarabağ”ın, Zelinkasının izi hələ də silinməyən yarasına duz basacaqdı.

Təəssüf ki, meydana baş hakim kimi çıxanların heç də hamısı, oyunu eyni statusla bitirmir. “Qarabağ”ın daha bir tarixi uğuruna bais olan həmin Zelinka kimi, Manuel de Souzanın idarəçiliyi də, bədəninin digər üç hərfli əzasına daha uyğun oldu. İnanmıram, ki, adını həmişə “böyük sevgi” ilə xatırlayacağımız “ədalət təmsilçiləri” əməllərinə görə əzab çəkələr. Onların vicdanında nə Dostoyevskinin Roskolnikovunu, nə də Bulqakovun  Polyakovunu  axtarmayın. Təəssüf ki, bizi hələ də kiçiklər siyahısında görən UEFA-nın şərəfsiz hakimlərindən “Gənc həkimin qeydləri”ni gözləməyə dəyməz. Heç ruhdan düşməyə də. Yaxın günlərdə “köhlən atlar”ın səsi bütün yolların apardığı “əbədi şəhər”dən eşidiləcək. Qapını möhkəm çırpmaq zamanı yaxınlaşır, “Qarabağ”!

Tural Xudiyev