"Qarabağ"ın rəqibində itkilər

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan “Lex” komandası əsas oyunçularından birini itirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tomaş Kedziyoranın icarə müddəti başa çatdığından o, yenidən Kiyev “Dinamo”suna qayıdıb.

Kedziyora “Lex”dən Ukrayna paytaxtına 2017-ci ildə yollanmışdı və 5 il Kiyeb klubunun heyətində çıxış etmişdi. Ancaq Ukraynada müharibə başladıqdan sonra 28 yaşlı futbolçu Poznan komandasında əvvəlcə məşq edirdi, FİFA icazə verdikdən sonra isə icarə əsasında klubun formasını geyindi. Kedziyora çempionatda 6, Polşa kubokunda isə bir oyunda meydana çıxdı və 1 qol vurdu. Müdafiəçi artıq Kiyev “Dinamo”sunun İsveçrədəki toplanışına qoşulub.

David Kovnaçkinin də icarə müddəti başa çatdığından “Fortuna Düsseldorf”a qayıdıb. O, ötən mövsüm “Lex”in heyətində 17 matçda 5 dəfə fərqlənib.

Bundan başqa, məşqçilər korpusunun qərarı ilə 18 yaşlı Maksim Çekala ikinci komandadan əsas heyətə cəlb olunub. O, 15 nömrəli formanı geyinəcək.

Qapıçı Miloş Mileçko isə əvəzedici heyətə göndərilib.