Qış fasiləsi, yoxsa qış yuxusu?
Bu gün ölkə çempionatında qış fasiləsinə yekun vuruldu. Komandalar yenidən yaşıl meydanlara, azarkeşləri önünə çıxdılar. 3-cü dövrənin ilk oyunları papağı günə yandırmayanları da, qış yuxusundan hələ ayılmayanları da, üzə çıxaracaqdı.
Turun açılış matçı bu baxımdan maraqla gözlənilirdi. Antalyadan təlim-məşq toplanışından qayıdan “Qəbələ”, adəti üzrə Gəncə - Yevlax yolundan qayıdan "Kəpəz"lə qarşılaşırdı. Əksəriyyət “radarları” matçın favoriti sayırdı ki, bu cür düşünənləri qınamağa dəyməzdi. Çempionluğa iddialı “Qəbələ” Antalya toplanışının hədər getmədiyini ilk oyundaca isbatlamağa, bəlkə də, borclu idi.
Bəli, səfər qarşılaşması, meydanın bərbad vəziyyəti, rəqibə güclü azarkeş dəstəyi və s. Amma bəhanə tərəzisinin digər gözünü daha ağır gətirənləri sadalamağa yəqin ki, ehtiyac yoxdur. Avroliqanın qrup mərhələsində gördüyü səfər qarşılaşmalarından sonra Gəncəyə səfərin nə qorxusu? Dəlisov yunan fanatlarından sonra, hansı azarkeş təzyiqi? Qaldı bərbad meydanda, kim deyə bilər ki, “Kəpəz” Təbriz xalısı üzərində oynayırdı? Səbəbi başqa amillərdə axtarmağa dəyər məncə. Qış yuxusundan ayılmaq lazımdır, cənab Qriqorçuk.
Baş məşqçidən söz düşmüşkən, bu görüşün taleyini həll edən amillərdən biri məhz bu idi. Bir gün əvvəl səhhətində ciddi problemlərə rəğmən, Bakıdan Gəncəyə dönən, komandasını meydanda tək qoymayan Şahin Diniyev alqışları həqiqətən də haqq elədi. "Kəpəz" bu gün həm də, meydana onun dəyanətinin qarşılığını vermək üçün çıxmışdı. Alındı da.
"Qəbələ"yə qış yuxusundan tez ayılmaq, “Kəpəz”ə isə sükanı belə saxlamaq arzusu ilə..