Qurban Qurbanov komandanın hazırlığını qiymətləndirdi

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yeni mövsümə hazırlıq prosesini dəyərləndirib.

Sportline.az xəbər verir ki, o, hazırlıqla bağlı bunları deyib:

“Bu gün komandadan, futbolçuların hazırlığından və işimizdən tam razı qala bilmərik. Amma bugünkü duruma görə razı qalmalıyam”. 

50 yaşlı mütəxəssis keçirdikləri yoxlama oyunlarında qol epizodlarının çox olduğunu bildirib. Qurbanov Polşada "Lex"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hazırlaşmaq üçün 4 gün vaxtlarının qaldığını xatırladıb: "İnanıram ki, bu müddət ərzində qalan xırda detalları aradan qaldıracağıq. Sadəcə, məni narahat edən məqam futbolçuların bəzilərinin fiziki hazırlıqlarının nisbətən aşağı olmasıdır. Onları daha yaxşı səviyyəyə qaldırmağa çalışacağıq".

Təcrübəli baş məşqçi transfer məsələsinə də toxunub: "Bununla bağlı iş daim gedir. Hər zaman bu yöndə sual veriləndə eyni cavabları söyləyirik. Olubsa, deyirik ki, transfer etmişik. Yoxdursa, deyirik ki, olmaq ehtimalı çoxdur. Həqiqətən elə hal oldu ki, transfer alınmalı idi, son dəqiqələrdə problem çıxdı. Amma bizim axtarışlarımız davam edir. Avrokuboklarda uzunmüddətli iştirak edib-etməməyimizin fərqi yoxdur. Harada çatışmazlıq varsa, onu aradan qaldırmağa çalışırıq. Bəzi mövqelərdəki oyunçuların sayını çoxaltmaq istəyirik".

Xatırladaq ki, "Qarabağ" yoxlama matçlarında Rumıniyanın "Botoşani" klubunu 4:0 hesabı ilə darmadağın edib, bu ölkənin digər təmsilçisi olan "Universitatya” (Krayova) ilə bərabərə qalıb - 1:1. "Köhlən atlar" Almaniyanın "Holştayn Kil" komandası ilə görüşdə də heç-heçəyə razılaşıb - 2:2.

“Qarabağ” “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.