"Real"ın futbolçusu İtaliya A Seriyasında

"Real"ın futbolçusu Luka Yoviç "Fiorentina"ya keçməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Klublar 24 yaşlı forvard üçün fərqli transfer formatı ilə bağlı razılığa gəliblər. “Fiorentina” oyunçunun hüquqlarının 50 faizini pulsuz əldə edəcək. "Real" iki il ərzində serbiyalı oyunçunun iqtisadi hüquqlarının 50 faizini saxlayacaq. Bu müddət ərzində "Fiorentina" hücumçunu başqa kluba satarsa, o zaman "Real" transfer məbləğinin yarısını alacaq.

Klublar əvvəlcə hücumçunu növbəti mövsüm üçün icarəyə götürməyə razılaşmışdılar. Bu müddət ərzində "Real" ona maaşının yarısını - 3 milyon avro ödəyəcəkdi. O, daha 3 milyon avronu isə "Fiorentina"dan almalı idi. Lakin sonradan klublar icarə ilə bağlı fikirlərini dəyişiblər. 

Qeyd edək ki, 2019-cu ildə "Real" Yoviç üçün "Ayntraxt"a  60+5 milyon avro ödəyib. Futbolçu ötən mövsüm  19 matçda 1 qol vurub. O, ümumilikdə Madrid təmsilçisində 51 matçda 3 qola imza atıb.