Şimallılardan daha bir badalaq və qrupdakı ən acınacaqlı məğlubiyyətimiz - LAYİHƏ
SportLine.az dəyərli oxucularına “Yığma komanda: son seçmə mərhələnin analitik-statistik yekunu; AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması; yığmanı gücləndirmək imkanı: islahat, yoxsa inqilab yolu?” adlı layihə çərçivəsində yeddinci yazını təqdim edir.
Bu günə qədər sizə təqdim etdiyimiz yazılarda millimizin seçmə mərhələyə verdiyi uğurlu startdan yetərincə söz açmış, mütəxəssislərlə birlikdə həm uğurlu, həm də uğursuz oyunlardan danışmışıq. Məğlubiyyətlərin, xal itkilərinin səbəblərini tapmağa çalışmışıq. Ümumi rəy belə olub ki, ilk 3 oyunda yeddi xal toplayan millimiz bir qədər boyundan yuxarı tullanıb. Eyni zamanda da həmin nəticələr millinin oyunçularının çəkdiyi zəhmətin, məşqçilər korpusunun seçdiyi düzgün taktikanın və Azərbaycan futbolunda gedən inkişaf proseslərinin nəticəsidir. Az qala söhbətləşdiyimiz hər bir futbol adamı Şimali İrlandiya ilə Bakıdakı oyunu xatırlayıb və əminliklə bildirib ki, qrupda topladığımız 10 xal ən azından o qarşılaşmanın sayəsində daha çox olmalı idi. Çünki biz Şimali İrlandiya ilə Respublika stadionundakı görüşdə məğlubiyyətə layiq deyildik və həmin oyundan azı bir xalla ayrılmalıydıq. Millimiz Şimali İrlandiyaya niyə uduzdu? Bu suala cavab tapmaq üçün “tarixin təkəri”ni iyunun 10-a birlikdə qaytaraq və səbəbləri tapmağa çalışaq.
Qrupdakı vəziyyəti yaxşılaşdırmaq imkanı
Şimali İrlandiya ilə Bakıdakı oyun bizim üçün bir-neçə cəhətdən əhəmiyyətli idi. Əvvəla onlardan qisas almalı idik. Çünki ilk 3 oyundan yeddi xal toplayandan sonra bizə ilk zərbəni məhz onlar vurmuşdular. Belfastda keçirilən oyunda 0:4 hesablı yenilgi Azərbaycan millisinin turnir perespektivini şübhə altına almış, cücərməyə başlayan ümid işığını söndürmüşdü. İlk qarşılaşma həm də onu göstərmişdi ki, 2013-cü ildən bəri keçən müddətdə Şimali İrlandiya ciddi mənada yüksəlişə nail olub, xeyli güclənib. Bu komanda Foqtsun dövründə 4 xal aldığımız, doğma meydanında belə uzun müddət məğlub durumda saxladığımız rəqibə bənzəmirdi. Deməli, onlarla Bakıdakı oyunda da 2013-cü ildəki kimi asan qələbə gözləməyə dəyməzdi. Qarşılaşma bizim üçün çətin keçəcəkdi. 0:4-ün əvəzini çıxmaq bizim üçün inandırıcı görünməsə belə, qələbə üçün oynamaq, 3 xal uğrunda sona qədər vuruşmaq əsas tapşırıq idi. Bununla həm də qrupdakı vəziyyətimizi xeyli yaxşılaşdıracaq, azarkeşləri ümidləndirəcək və 2-ci yerə iddiamızı bərpa edəcəkdik.
V turdan sonra hesabında 7 xal olan Azərbaycan millisi “C” qrupunda 4-cü pilləyə qədər geriləmişdi. Maksimal nəticəyə imza atan Almaniya millisi 15 xalla qrup birincisi idi. Almanları 5 oyunda qazandığı 3 qələbə və bir bərabərlik sayəsində VI turdakı rəqibimiz Şimali İrlandiya təqib edirdi. Ostravada qolsuz heç-heçəyə üzdüyümüz çexlər də vəziyyətlərini düzəltmişdilər. San Marino və Norveç üzərindəki qələbə sayəsində Çexiya xalını 8-ə çatdırmış, 3-cü pilləni ələ keçirmişdi. Norveçin hesabında 4 xal vardı. San Marino isə 0 xalla sonuncu pilləyə “lövbər salmışdı”.
Deməli, Şimali İrlandiya üzərində qələbə sayəsində xalımızı onlarla bərabərləşdirəcəkdik. Çexiyanın Norveçə qonaq getməsi onların xal itirməsi ehtimalını da artırırdı. Qələbə qazanıb çexləri də geridə qoymaq, bundan sonra daha böyük həvəslə ən azı qrup üçüncüsü olmaq uğrunda yarışmaq real görünürdü. Hadisələrin sonrakı gedişatı da bunu göstərdi. Çexlər səfərdə Norveçlə bərabərliyə razılaşdılar. Hər iki rəqibin xal itirməsi bizim xeyrimizə idi. Əgər biz özümüz Şimali İrlandiyanı məğlub edə bilsə idik...
Mürəkkəb vəziyyət və Prosineçkini qayğılandıran acı həqiqət
Amma bu çətin və məsuliyyətli qarşılaşmadan öncə Azərbaycan futbolunda çox mürəkkəb vəziyyət yaranmışdı. Bakı IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməyə hazırlaşdığı üçün ölkə Premyer Liqasına aprelin 29-da yekun vurulmuşdu. Azərbaycan kubokunun final oyunu da mayın 5-də keçirilmişdi. “Qarabağ” finalda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib, kuboku başı üzərinə qaldıranda Şimali İrlandiya ilə qarşılaşmaya düz 36 gün qalırdı. Milli komandanın əksər üzvlərinin Azərbaycan Premyer Liqasında mübarizə aparan klublarda forma geyindiyini nəzərə alanda ortaya çox ciddi problem çıxırdı. Bəli, Robert Prosineçkinin qarşısında çox ciddi problemdən çıxış yolu tapmaq vəzifəsi dayanırdı. Millimizin üzvləri Şimali İrlandiya ilə vacib qarşılaşmaya uzun və məcburi fasilədən sonra çıxacaqdılar.
Vəziyyətlə barışmağın vacibliyini anlayan Robert Prosineçki də bu problemdən çıxış yolları axtarmaqda idi. Onsuz da belə vəziyyətdə milli üçün təlim-məşq toplanışı keçirməkdən və toplanış çərçivəsində yoxlama oyunları keçirməkdən başqa çıxış yolu da yox idi. Premyer Liqanın sonuncu turundan və ölkə kubokunun Naxçıvanda keçirilən finalından sonra bir qədər istirahət edən milli üzvləri əvvəlcə Bakıda toplaşdılar. İlkin mərhələdə paytaxtda, AFFA-nın Mərdəkandakı bazasında hazırlıq keçən milli komandamız mayın 20-də Avstriyaya yollandı. Təlim-məşq toplanışının növbəti mərhələsi Alp dağlarının ətəklərində keçiriləcəkdi.
Əvvəlcədən elan edilmişdi ki, Şimali İrlandiya ilə oyunun hazırlıq proqramına daxil olan yoxlama görüşləri də məhz Avstriyada təşkil olunacaq, milli üzvləri oyun təcrübəsinin azlığından irəli gələn problemləri orada aradan qaldıracaqlar. Amma bu planı həyata keçirmək mümkün olmadı. Gözlənilənlərin əksinə, millimiz Avstriyada yoxlama görüşü keçirmədi. Bir çox mütəxəssislər mayın sonlarında əksər ölkələrin daxili çempionatlarının davam etdiyini, milli komandalar üçün FİFA-nın iyunda “pəncərə” açacağını qeyd edir, belə bir vaxtda sparrinq-rəqibin tapılmasının çətin olacağını deyirdilər. Sonda elə onların dediyi kimi də oldu. Məlumat verildi ki, milli komandalarla görüş təşkil etmək mümkün olmayıb, Almaniya Avstriyanın aşağı dəstə klubları ilə qarşılaşmağı isə Prosineçki özü istəməyib. Xorvatiyalı çalışdırıcı bu cür zəif rəqiblərlə oyunlarda səhvlərin aşkara çıxarılmasının mümkünsüzlüyünü qeyd edib, qazanılacaq rahat qələbənin futbolçularda eyforiyaya səbəb olacağını vurğulayıb. Beləliklə Şimali İrlandiya ilə oyundan öncə təxminən bir ay təlim-məşq toplanışı keçirən milli komandamız yoxlama görüşü keçirmədən hazırlığı tamamladı və tarixinin ən vacib qarşılaşmalarından birinə futbolçuların oyun təcrübəsi olmadan çıxdı.
Yaxşı oyun, amma pis nəticə
Prosineçkini narahat edən təkcə Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların oyun təcrübəsinin yoxluğundan əziyyət çəkməsi deyildi. Bir sıra aparıcı milli üzvləri də klublarının heyətində müntəzəm oynaya bilmirdilər. Kamran Ağayev, Ramil Şeydayev, Eddi İsrafilov kimi futbolçular bu siyahıya daxil idilər. Elə bunun nəticəsi idi ki, İspaniyadan Bakıya qədər uzaq yol qət edən İsrafilov sona qədər ehtiyatda qaldı. Kamranla Ramil isə ilk dəqiqələrdən Prosineçkinin etimadını qazanmış, meydana çıxmışdı. Ümumilikdə baş məşqçinin meydana optimal heyət buraxdığını demək mümkündür. Kapitan Rəşad Sadıqovla birlikdə müdafiədə digər “Qarabağ”lılar Maksim Medvedev, Bədavi Hüseynov yer almışdı. Daha bir cinah müdafiəçisi isə Pavel Paşayev idi. Riçard Almeyda isə milli komandada çıxdığı ilk oyunda ona bəslənən ümidləri doğrultmağa çalışacaqdı. Onunla yanaşı Qara Qarayev dağıdıcı keyfiyyətlərindən yararlanmalı, Dmitri Nazarov isə Almaniya ilə oyunda olduğu kimi gizli qol silahı rolunu oynamalı idi. Cavid Hüseynovla Əfran İsmayılov sürətləri və təcrübələri hesabına yeganə qol ümidimiz Şeydayevə dəstək olmalı idilər.
Qeyd edək ki, Prosineçkinin heyət seçimi özünü doğrultdu. Millimiz oyunboyu fəal görünür, rəqibi təzyiq altında saxlayırdı. İlk təhlükəli vəziyyəti qonaqlar qapımızın qarşısında yaratsalar da, bu dəfə müdafiəçilərimiz britaniyalıların “hava hücumu”na hazırlıqlı olduqlarını göstərdilər. 22-ci dəqiqədə komandamız hesabı açmaq üçün əla fürsət qazandı. Rəşad Sadıqov topu yüngül toxunuşla Cavidə verdi. Mərkəz dairəsinin yaxınlığında dayanan “Qəbələ”nin üzvü isə onu paraşüt zərbəsiylə Ramilə tərəf istiqamətləndirdi. Topun trayektoriyasını düzgün müəyyənləşdirən hücumçu bir andaca qapıçıyla üzbəüz qaldı. Amma topa zərbə vurmağa gecikən Ramil həfədə düşə bilmədi. Fasilə ərəfəsində Əfranın zərbə vurmasına Brant imkan vermədi. 64-cü dəqiqədə Riçard əla ötürməylə Əfrana daha bir şans yaratdı. Sağ cinahdan cərimə meydançasına daxil olan yarımmüdafiəçi topu özündə çox saxladı, daha sonra isə qapının küncünü nişan aldı. Rəqib qapıçı Makqoven çətinliklə də olsa, topu qaytara bildi. 77-ci dəqiqədə ispaniyalı hakim Xavier Estrada cərimə meydançası yaxınlığında Namiqə qarşı kobudluğu qeydə almadı. Halbuki əlverişli mövqedən cərimə zərbəsi hüququ qazansaydıq, hesab dəyişə bilərdi. Hakimin bu kobud səhvi Prosineçkini də özündən çıxardı. 83-cü dəqiqədə Respublika stadionunun tribunalarını dolduran azarkeşlər bir daha başlarını tutdular. Əfran doğma cinahından əla reydlə cərimə meydançasına daxil oldu. Hesabın açılması üçün qazandığımız əla fürsət Əfranın qapının üstündən vurduğu topla birlikdə “havaya uçdu”. 90-cı dəqiqənin tamamına qədər daha iki dəfə qol imkanımız oldu. Əvvəl Cavid, daha sonra isə Ramil dəqiq oynamadı. Elə bu anda da “vurmayana vurarlar” prinsipi işə düşdü. Hakimin oyuna əlavə etdiyi 2-ci dəqiqədə Şimali İrlandiya oyundakı yeganə qolu vurdu. Sağ cinahla reallaşan hücum zamanı müdafiəçilərimiz topu cərimə meydançasından uzaqlaşdırmağı bacarmadılar. Stüart Dallas bizimkilərin çaşqınlığından məharətlə yararlandı və komandasına qələbə gətirən qolu vurdu.
Samir Abasov: “Şimali İrlandiya bizə uduzandan sonra bunu faciəyə çevirmədi”
Bu məğlubiyyətdən sonra millimiz liderlərlərdən bir qədər də aralandı. Artıq 18 xallı Almaniya millimizi 11, 13 xalı olan Şimali İrlandiya isə 6 xal qabaqlayırdı. Norveç səfərindən “sülh”lə qayıdan Çexiya isə 9 xalla 3-cü sırada idi. Millimiz isə startda topladığı 7 xalla 4-cü sıradakı yerində qaldı. Bu həm də o demək idi ki, yığmamızın “pley-off” şansları da xeyli azalmışdı.
İkinci pillə uğrunda sona qədər mübarizə aparmaq üçün bizə nə çatmadı? Həlledici oyunda Şimali İrlandiyaya niyə uduzduq? Bu və başqa suallara cavab almaq üçün millimizin sabiq üzvü, hazırda “Sumqayıt”ı çalışdıran Samir Abasova müraciət etdik. Xatırladaq ki, 2004-cü ildən 2010-cu ilə qədər əsas komandamıza müntəzəm çağırılan Abasov 46 oyunda millinin formasıyla meydana çıxıb.
Samir bəydən əvvəlcə millimizin son seçmə mərhələdəki çıxışı ilə bağlı fikirlərini bölüşməyi xahiş etdik:
- Milli barədə danışarkən nəticədən daha çox oyunun özündən danışmaq lazımdı. Azarkeşlər, yaxud da mətbuat nümayəndələri nəticələrdən narazı qala bilərlər. Amma etiraf etməliyik ki, millinin oyununda artım var, biz inkişaf etmişik. Futbolçuların meydandakı davranışlarında, özünəinamda xeyli fərq hiss olunur. Artıq biz rəqiblərdən çəkinmirik. Səviyyə fərqi isə ortadadır. Güclü komandalarla qarşılaşanda bunu görürük. Bu fərqi təkcə oyunlar keçirməklə, məşq etməklə aradan qaldırmaq mümkün deyil. Böyük futbol ölkələri, ənənələri ilə seçilənlər bir kənara. Onlarla özümüzü müqayisə etməyimiz düz çıxmaz. Bəlli bir qrup var ki, inkişaf etməkdə olanlar deyirlər. Biz məhz həmin qrupdayıq. Keçmiş SSRİ məkanında çoxlarını qabaqlamışıq. “Qarabağ”ın timsalında bu fərq çox aydın görünür. Milli üzvlərinin də əksəriyyəti məhz bu klubda forma geyinir. Bu, ümumi görüntüdür. Sırf nəticələrdən danışsaq, bəzi reallıq da var. Topladığımız 10 xalın altısını San Marinodan götürmüşük. Belə məqamlara çox da önəm vermirəm. Qrup birinciliyini demirəm, mənim üçün nəticə “pley-off”da iştirakdır. Ora düşə bilməmişiksə, deməli, seçmə mərhələ nəticə baxımından bizim üçün uğursuz olub. İstər 10 xal toplayaq, ya da 11. Xallar bizə nəticə verməlidir. Turnir marağı baxımdan heç nə əldə etməmişiksə, yerimizdə saydığımızı etiraf etməliyik. Oyun baxımından hiss olunan inkişaf nəticəyə ciddi təsir etməyib.
- Çoxları Şimali İrlandiya ilə Bakıda keçirdiyimiz oyunu təəssüflə xatırlayır. Bu oyunu qırılma nöqtəsi hesab edənlər, layiq olmadığımız məğlubiyyətlə üzləşdiyimizi deyənlər çoxdur. Həm də, o məğlubiyyətdən sonra yuxarı pillələrdən uzaqlaşmışdıq. Siz necə düşünürsünüz?
- Fakt odur ki, Şimali İrlandiya bizim qrupda ikinci pilləni tutdu və “pley-off”a yollandı. Reallıq budur. Layiq idi, ya yox - bu cür söhbətlərin futbolda o qədər də əhəmiyyəti yoxdur. Layiq imişlər ki, o yeri tutdular. Bizimlə oyunlardan da 6 xal qazandılar. Belə görünür ki, biz layiq olmamışıq, onlar olublar. Qrupda keçirilən oyunlara nəzər salın. Şimali İrlandiya hansı oyunu göstərib, necə nəticələr qazanıb, biz neynəmişik?! Axı təkcə bizim Bakıda onlardan yaxşı oynamağımızla hər şey həll olunmur. Norveçlə oyunumuzu xatırlayın. Yaxşı oynamadıq, amma qalib gəldik. Bunu məşqçilər də, futbolçular da etiraf edir. Əgər biz Şimali İrlandiyaya uduzmağımıza heyfsləniriksə, bunun özü bizim inkişafda olduğumuzdan xəbər verir. Amma tam inkişaf bu deyil. Reallığı inkar etməklə nəticə əldə edə bilmərik. Yenə problemlər qalacaq. Bir-neçə ildən sonra görəcəyik ki, Kosova millisi nəticə qazanır. Bu yaxınlarda onların U-21 yığmasını Bakıda gördük. Aşağı yaş qrupları ilə bağlı da məlumata sahibəm. Buna görə də deyirəm ki, yaxın bir-neçə ildə onlar böyük turnirlərə qatılmaq uğrunda seçmə oyunların “pley-off”una yüksələcəklər. Özlüyümdə buna əminəm. Onlardan ibrət götürməliyik. Görəcəyik ki, bir-neçə ildən sonra onlar harada olacaq, biz harda olacağıq. Bizim hələ görəcəyimiz işlər çoxdur. Futbolçu meydanda çıxanda rəqibdən güclü olduğunu göstərməlidir. Rəqibin adından çəkinmədən, onu şişirtmədən mübarizə aparmalısan. Bizim dövrümüzdəkindən fərqli olaraq millimiz baxımlı, inamlı oyun sərgiləyir. Lakin hələ nəticələrdə bunu görmürük. Onun üzərində çalışmalıyıq. Təkcə Şimali İrlandiyaya uduzduğumuz görə təəssüflənməməliyik.
- Həmin oyuna toxunmağımız səbəbsiz deyil. Məhz o məğlubiyyətlə “pley-off”a vəsiqə verən ikinci pillədən xeyli uzaqlaşmışdıq. O qarşılaşma ərəfəsində çempionatımız erkən bitdi, futbolçular təxminən 45 günə yaxın oyuna çıxmadılar. Necə düşünürsüz, məğlubiyyətə bu məqamın nə dərəcədə təsiri oldu?
- 1 ay 15 gün futbolçu futbolsuz qalırsa, bunun yüz faiz təsiri var. Amma bu məqamın qlobal təsirinə, həlledici faktor olmasına inanmıram. İstəyirsiniz gecə-gündüz məşq edək, hər gün oyun keçirək, aşağı-yuxarı yenə həmin nəticə olacaq. Yadınızda olar, bundan əvvəlki seçmə mərhələlərin birində Şimali İrlandiyanı məğlub etmişdik. Hamı deyir ki, indiki yığmamız o vaxtkından yaxşı oynayır. İlk oyunlardakı uğurlu nəticələrlə də dünya çempionatına yollanmaq həvəsinə düşmüşdük. Amma bu dəfə Şimali İrlandiya gəldi, Bakıda bizi uddu. Deyək ki, fasilə təsir eləmişdi. Bəs Çexiya və Norveçlə oyunlarda nə mane olurdu? Norveçi burda udduq, amma oardakı qarşılaşmada çarəsiz göründük. Çexiya ilə isə əksinə. Səfərdə yaxşı oynadıq, evimizdə məğlubiyyətdən qaça bilmədik. Mən özüm millidə 50-yə yaxın oyun keçirmişəm. Millidə oynamaq, ab-hava tamam fərqlidi. İndi isə çox şey yaxşılığa doğru dəyişib. Bu da daha çox “Qarabağ”la “Qəbələ”nin sayəsində mümkün olub. Biz futbol oynayanda ildə bir dəfə avrokubok həyacanı yaşayırdıq. Yayda bir-iki oyuna çıxırdıq, vəssalam. İndi futbolçularımız avrokubokların qrup mərhələsində müntəzəm oynayırlar. Milliyə də futbolçular klubdan gəlir. Onlar beynəlxalq oyun təcrübəsini toplayıblar. Bu da millidə hiss olunur. Şimali İrlandiya bizə məğlub olandan sonra heç bir xaosa yol vermədi. Yerlərində durmadılar, inkişaf etdilər, çalışdılar. Sonra da bunun nəticəsini gördülər. Həm Avropa çempionatında, həm dünya çempionatının seçmə mərhələsində. Biz 10 xalın altısını San Marinodan almışıq. Onlara da uduzsaydıq, bizim üçün faciə olardı. Şimali İrlandiyaya məğlubiyyətlər isə xırda nüansların yox, rəqibin gücünün göstəricisidir.
- Demək istəyirsiz ki, Şimali İrlandiya ilə oyunlar ərəfəzindəki fasilədə yoxlama oyunları keçirsəydik belə, nəticə dəyişməyəcəkdi?
- Yüz faiz sizə deyirəm ki, heç nə dəyişməyəcəkdi. Aprel – may aylarında dörd oyun keçirsəydik də, ciddi nəsə baş verməyəcəkdi. Şimali İrlandiyanın gücü, son illərdə nə qədər “artırdığı” göz qabağıdandır. Səviyyə fərqi faktorunu yoxlama oyunları ilə aradan qaldırmaq mümkün deyil. Onların futbolçularının çoxu İngiltərə klublarında oynayır. İlboyu yüksək səviyyəli oyunlar keçirirlər. Biz qısa müddətdə yoxlama oyunu keçirməklə nəyi dəyişə bilərdik? Amma onu da deməliyəm ki, Şimali İrlandiya səviyyəsinə çatmaq üçün potensialımız var.
- Bu potensial həm də millidə dəyişikliklərdən, yeni nəslin gəlməsindən keçir. Siz də “Sumqayıt”ın baş məşqçisisiniz. Sizin komandanızda gələcəkdə millidə oynamağa, onun nəticələrinin dəyişməsinə kömək etməyə qadir futbolçu varmı?
- Hazırda milliyə Qurban Qurbanov başçılıq edir. Azərbaycanlı baş məşqçisidir. Dəfələrlə bizə qarşı da komanda çıxarıb. Bizim komandanın futbolçularını da yaxşı tanıyır. Mənim deməyimlə deyil. Həm də gərək futbolçu özü milliyə can atsın. Əvvəllər şikayət edirdik ki, Prosineçki, yaxud da Foqts Raufu, yaxud Nizamini çağırmır. İndi hamını yaxşı tanıyan mütəxəssis millinin baş məşqçisidir. Kim milliyə layiqdirsə, Qurban Qurbanov da ona dəvət göndərəcək. Mənim ad çəkməyim düzgün olmaz.
- Azər Salahlı, yaxud Amil Yunanov gələcəkdə millidə oynaya bilməz?
- Siz də mənim dediyimə gəldiniz. Azər Salahlı bizim komandada oynayır. Sol cinahda böyük problemlər olduğu dövrdə elə “Qarabağ”dan dəvət etmişik. Deməli, Qurban Qurbanov onun səviyyəsinə yaxşı bələddir. Layiq biləcəksə, ona dəvət gələcək. Eləcə də digərləri. Kimsə milliyə düşmürsə, mən ona görə nə isə deyə bilmərəm. Günahı futbolçu özündə axtarmalıdır. Millidə 46 oyun oynamışam. Fərqli məşqçilərin dövründə. Məşqçi dəyişikliyi olmasına baxmayaraq yeni gələn də mənə dəvət göndərib. Mən də daim çalışmışam ki, millidə oynamağ layiq olum.
Samir Abasovun sözləri ilə razılaşmaya bilməzdik. Çünki ötənlərin məşhur futbolçusunun, hazırda isə gənc və perespektivli mütəxəssis sayılan həmsöhbətimizin sözlərində böyük həqiqət payı var idi.
Millimizin Şimali İrlandiyaya məğlubiyyəti isə “C” qrupunda hədəflərimizin dəyişməsi anlamına gəlirdi. Bu barədə növbəti yazılarımızda bəhs etməyə davam edəcəyik.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir