UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov "Dana White’s Contender Series" (Deyna Uaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə qarşı keçirəcəyi görüşdən öncə rəsmi çəkiölçmə mərasiminə çıxıb.

Sportline.az xəbər verir ki, əvvəlcə salamlaşan idmançılar ənənəvi olaraq, üzbəüz dayanaraq bir-birinin gözünün içinə baxıb. Onlar daha sonra görüşərək səhnəni tərk ediblər.

Döyüş ABŞ-ın Las Veqas şəhərində sentyabrın 6-da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 7 sentyabr saat 07:00) keçiriləcək. Həmin döyüş gecəsində ümumilikdə 5 görüş olacaq. Gecənin ikinci döyüşü Abbasovun iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, Nəriman Abbasov UFC ilə 5 döyüşlük müqavilə bağlayıb. Abbasov İsmael Bonfimə qalib gələcəyi halda, UFC-nin əsas divizionunda döyüş hüququ əldə edə bilər. Hələlik Azərbaycanın MMA təmsilçilərindən UFC-də döyüşmək üçün tam hüquqa Qırğızıstanda yaşayan Rafael Fiziyev və ABŞ-da məskunlaşmış Nazim Sadıqov yiyələnib.