Ukrayna bayrağının qaldırılmasını qadağan olundu

Beynəlxalq Boks Assosiasiyası (IBA) Ukraynaya qarşı beynəlxaq qalmaqala səbəb olacaq addım atıb.

Sportline.az xəbər verir ki, Ukrayna Boks Federasiyasının rəhbəri Kiril Şevçenko “Report”un Şərqi Avropa bürosuna bildirib ki, hazırda İtaliyada keçirilən yeniyetmələr arasında Avropa çempionatından IBA-nın qeyri-adekvat, siyasi tələbinə görə iştirakdan imtina ediblər.

“Belə ki, bizdən tələb olundu ki, yarışda hamı kimi ölkəmizin rəsmi - Ukrayna bayrağı ilə yox, sadəcə hansısa ağ bayraq ilə iştirak edək. Bu, tamamilə qanunsuzdur. IBA-nın prezidenti Umar Kremlyov buna qədər Rusiya Boks Federasiyasımın rəhbəri olub. O, Rusiya Prezidenti təhlükəsizlik xidmətinin rəhbərinin qohumudur. Bundan başqa, IBA-nı “Qazprom” (Rusiya şirkəti) maliyyələşdirir. Bu səbəbdən IBA prezidenti Umar Kremlyov və vitse-prezident Vladimir Prudiyusin Ukraynanın bu yarışda dövlət bayrağı ilə yox, ağ bayraq ilə çıxış etməsinə qərar verib. Bu biabırçılıqdır. Bütün xərclərimizə baxmayaraq, yarışda iştirak etməkdən imtina etdik və komandamız hazırda geri qayıdır”- K.Şevçenko vurğulayıb.

Federasiya rəhbəri bildirib ki, IBA-nın Rusiyadan olan rəhbəri Ukraynanın səsini boğmağa çalışır: “Bir həftə əvvəl Yerevanda keçirilən Beynəlxalq Boks Assosiasiyasının seçkilərində iştirak etməyimə icazə verməyiblər. Həmin vaxt onlar saxta yolla Umar Kremlyovu yenidən bu qurumun prezidenti seçiblər. Buna görə məni düşmən hesab edirlər. Nəticədə məni yarışdan kənarlaşdırmağa qərar verdilər. Əvvəlcə mən, daha sonra isə Ukrayna yığması yarışdan kənarlaşdırılıb. Belə ki, qeyd etdiyim kimi IBA bizə ya onun öz bayrağı, ya da ağ bayraq altında çıxış etmək şərti irəli sürüb. Amma komandamız bundan imtina edərək Ukraynaya geri qayıdır. Onların bu qərarı o deməkdir ki, IBA beynəlxalq idman təşkilatı yox, Rusiya təşkilatıdır. Hesab edirik ki, ölkə üçün belə çətin məqamda ultimatumların verilməsi və Ukrayna bayrağının çıxarılması bizim üçün qəbuledilməzdir”.

K.Şevçenko məlumat verib ki, bununla bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşırlar.